Zelenski Prezident Ofisi rəhbərinin müavini Ukraynanın hərbi ehtiyaclarını müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüşdə ilk növbədə cəbhə xəttindəki vəziyyət, ordunun şəxsi heyətinin durumu və mövcud hərbi ehtiyaclar müzakirə olunub. Ukrayna Prezidenti bildirib ki, gələn il də ordu üçün pikap avtomobillərinin satın alınması proqramının davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə tələb olunan avtomobillərin sayı və maliyyələşmə məsələləri diqqət mərkəzindədir.
Pavlo Palisa Ukraynaya hava hücumundan müdafiə sistemlərinin, silah qüllələrinin və digər hərbi avadanlıqların tədarükü ilə bağlı tərəfdaşlarla apardığı danışıqlar barədə məlumat verib.
Tərəflər, həmçinin FREYJA ballistik raketlərə qarşı müdafiə proqramının prioritetlərini və Avropa istehsalçıları ilə əldə olunan müvafiq razılaşmaları müzakirə ediblər. Zelenski proqram üzrə işlərin davam etdiyini və effektiv raket əleyhinə müdafiə sisteminin yaradılmasının yaxınlaşdırıldığını vurğulayıb.
Görüşdə Ukrayna ordusunda kadr məsələlərinə də toxunulub. Zelenskinin sözlərinə görə, müvafiq təyinatlar müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı ilə birgə həyata keçiriləcək.
Qeyd edək ki, Pavlo Palisa Ukrayna Prezident Ofisi rəhbərinin müavini, briqada generalıdır. O, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin müxtəlif hərbi birləşmələrinə, o cümlədən 93-cü əlahiddə mexanikləşdirilmiş briqadaya komandanlıq edib.
17:43 28.11.2026
Oxunuş sayı: 48