Uşaq meydançasının altında gizli narkotik plantasiyası aşkarlandı
İspaniyada fərdi yaşayış evinin həyətində yerləşən uşaq oyun meydançasının altında gizli narkotik plantasiyası aşkar edilib.
Crossmedia.az xəbər verir ki, UNIAN bu barədə məlumat yayıb.
Hadisə Qranada əyalətinin Las-Qabias şəhərində qeydə alınıb.
Polis əməkdaşları evin həyətində yelləncək, batut və oyuncaq evciyin yerləşdiyi ərazidə yeraltı bunker aşkar ediblər.
Məlum olub ki, süni ot örtüyünün altında hidravlik mexanizmlə açılan gizli giriş quraşdırılıb. Buradan yeraltı plantasiyaya daxil olmaq mümkün olub.
Təxminən 180 kvadratmetr sahəsi və 5 metr hündürlüyü olan bunkerdə iki böyük otaq yerləşib. Otaqlar işıqlandırma, havalandırma və kondisioner sistemləri ilə təchiz edilib.
Araşdırma zamanı plantasiyanın elektrik şəbəkəsinə qanunsuz qoşulduğu müəyyənləşdirilib. Kompleksin enerji sərfiyyatının təxminən 100 yaşayış evinin istehlakına bərabər olduğu bildirilib.
Əməliyyat zamanı gizli bunkerdən 1954 çətənə kolu aşkarlanıb.
İspaniya Mülki Qvardiyasının məlumatına görə, noyabrın 17-də keçirilən əməliyyat çərçivəsində ümumilikdə 5 nəfər saxlanılıb, daha 3 nəfər barəsində araşdırma aparılır. Digər iki plantasiya da daxil olmaqla, ümumilikdə 2479 çətənə kolu müsadirə edilib.
https://www.instagram.com/reel/DgSS2dLN-4g/?utm_source=ig_web_button_share_sheet
16:01 28.11.2026
Oxunuş sayı: 42