Almaniyanın milyardlıq hərbi layihəsi 5 il gecikir
Almaniya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən K130 tipli yeni korvetlərin təhvil verilməsi yenidən təxirə salınıb. Gəmilərin ilkin qrafikdən təxminən beş il gec təhvil veriləcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Sicherheit" nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, K130 proqramının ikinci mərhələsi çərçivəsində inşa olunan “Emden” və “Köln” korvetlərinin təhvili 2027-ci ilə keçirilib.
Halbuki “Rheinmetall” şirkəti bu ilin aprelində hər iki gəminin 2026-cı ilin sonunadək Almaniya donanmasına təhvil veriləcəyini açıqlamışdı.
Şirkətin yeni təqdimatına əsasən, 2027-ci ildə iki, 2028-ci ildə daha iki, 2029-cu ildə isə sonuncu korvetin təhvili planlaşdırılır.
Ümumilikdə beş hərbi gəmini əhatə edən proqram üzrə müqavilə 2017-ci ildə imzalanıb. Layihənin dəyəri hazırda təxminən 2,4 milyard avro təşkil edir.
Məlumata görə, proqramın həyata keçirilməsindəki gecikmələr əsasən döyüş idarəetmə sistemlərinin inteqrasiyası ilə bağlı texniki çətinliklərlə əlaqələndirilir.
K130 tipli korvetlər Almaniya donanmasının dəniz əməliyyatları imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.
16:50 28.11.2026
Oxunuş sayı: 45