Çin Avropa iqtisadiyyatına təzyiqi artırır
Çin iqtisadiyyatındakı zəif daxili tələbat və yerli şirkətlərin güclənən rəqabəti Avropa biznesinə ciddi təsir göstərir. Bu proses yalnız avtomobil və lüks məhsul istehsalçılarını deyil, tibb texnologiyaları, kimya, sənaye və digər sahələri də əhatə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Çində daşınmaz əmlak bazarında uzun müddətdir davam edən geriləmə əhalinin gəlirlərinə və istehlak xərclərinə mənfi təsir göstərib. Nəticədə Avropa şirkətləri Çin bazarında satış çətinlikləri ilə üzləşir. Eyni zamanda Çin şirkətləri həm daxili, həm də beynəlxalq bazarlarda Avropa korporasiyaları üçün ciddi rəqibə çevrilir.
“Bloomberg Intelligence”ın məlumatına əsasən, “Stoxx Europe 600” indeksinə daxil olan şirkətlərin üçüncü rübün maliyyə nəticələri ilə bağlı müzakirələrində Çinin adı rekord sayda çəkilib. Şirkət rəhbərlərinin Çin bazarına münasibəti isə 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.
Ən ciddi itkilər lüks məhsul istehsalçıları və avtomobil sənayesində müşahidə olunur. “Gucci” brendinin satışları gözləniləndən daha çox azalıb. “Hermès” və “LVMH” şirkətləri də Çində tələbatın zəiflədiyini açıqlayıblar.
“Mercedes-Benz” Çində avtomobil satışlarının 31 faiz azalmasından sonra mənfəət proqnozunu aşağı salıb. “Volkswagen”in ölkədəki birgə müəssisələri zərərlə üzləşib. “Audi” isə daxiliyanma mühərrikli modellərinin satışlarının azalması səbəbindən mənfəət gözləntilərini pisləşdirib. “BMW” yerli “BYD” kimi markalarla rəqabət aparmaq üçün yeni modellərin istehsalını sürətləndirməyi planlaşdırır.
Problemlər digər sektorlara da yayılıb. Sağlamlıq məhsulları istehsalçısı “Haleon” Çində idxal qaydalarının dəyişməsi nəticəsində “Centrum” markalı vitamin və qida əlavələrinin satışdan çıxarılmasından sonra illik maliyyə proqnozunu aşağı salıb.
Tibb texnologiyaları sahəsində dövlət satınalmaları sistemində aparılan islahatlar qiymətlərin azalmasına səbəb olur. Bu isə yerli istehsalçılara bazardakı paylarını artırmaq imkanı yaradır. Çində daşınmaz əmlak bazarının zəifləməsi tikinti materialları təchizatçılarına da mənfi təsir göstərir.
“Morgan Stanley” analitiklərinin qiymətləndirməsinə görə, 2027-ci ildə Çində daşınmaz əmlaka investisiyalar 25 faiz azala bilər. Daxili istehlak xərclərinin də aşağı səviyyədə qalacağı gözlənilir.
Bunun fonunda Avropa İttifaqı kimya sənayesi və maşınqayırma kimi sahələrdə Çin idxalına məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir. Belə tədbirlərin çətinliklə üzləşən Avropa şirkətlərinin mövqelərini müəyyən qədər yaxşılaşdıra biləcəyi ehtimal olunur.
17:15 28.11.2026
Oxunuş sayı: 41