Polşa hədəfdə: Müharibə genişlənir?
Polşanın NATO-dan Rusiya raketlərinin Ukrayna hava məkanında zərərsizləşdirilməsini tələb etməsi alyansın təhlükəsizlik siyasəti və Rusiya ilə münasibətləri baxımından yeni müzakirələrə yol açıb. Belə bir addım NATO ilə Moskva arasında birbaşa qarşıdurma riskini də gündəmə gətirir.
Maraqlıdır, NATO Polşanın bu təklifini qəbul edərək Ukrayna səmasında Rusiya raketlərinə qarşı əməliyyat keçirə bilərmi? Əgər alyans belə bir addım atarsa, Rusiya buna cavab olaraq Polşaya qarşı hərbi əməliyyatlara başlaya və müharibəni yeni cəbhəyə daşıya bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli qeyd edib ki, Polşanın NATO çərçivəsində gündəmə gətirdiyi məsələ alyans daxilində fikir ayrılıqlarının mövcudluğunu bir daha ortaya qoyur: “Hazırda ABŞ və Avropanın təhlükəsizlik prioritetləri arasında müəyyən fərqlər var. ABŞ prosesi mümkün qədər tez və istənilən vasitə ilə həll etməyə çalışır. Vaşinqton üçün əsas strateji hədəflər Çin və İrandır, Rusiya isə prioritetlər sırasında üçüncü yerdə dayanır. Avropa üçün isə Rusiya birinci dərəcəli təhlükə hesab olunur. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Ukraynaya dəstəyi əvvəlki səviyyədə olmadı. Xüsusilə maliyyə yardımının azaldılması və silahların ödənişli əsaslarla təqdim edilməsi bu siyasətin göstəricilərindəndir. Eyni zamanda, ABŞ-İsrail tandemi ilə İran müharibəsi zamanı Avropa ölkələrinin NATO-nun prosesə cəlb olunmasına qarşı çıxması və Vaşinqtona lazımi dəstəyi verməməsi tərəflər arasında mövcud fikir ayrılıqlarını daha da dərinləşdirdi.
Bu baxımdan, hesab etmirəm ki, Polşanın qaldırdığı məsələ ilə əlaqədar ABŞ Rusiya ərazisindəki silahları Ukrayna ərazisindən birbaşa hədəfə almağa başlayacaq. Hələlik belə bir ssenari real görünmür. Növbəti mərhələdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək”.
Ayhan
17:30 28.11.2026
Oxunuş sayı: 51