ABŞ-nin hansı halda İranla yeni müharibəyə başlayacağı açıqlandı
ABŞ və İran arasında yeni hərbi qarşıdurma ehtimalı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Regionda mövcud gərginlik və tərəflərin qarşılıqlı mövqeləri mümkün müharibə ssenarisini yenidən gündəmə gətirir. Lakin belə bir qarşıdurmanın tərəflər üçün hansı nəticələr doğuracağı və hərbi imkanlarının buna nə dərəcədə imkan verdiyi sual doğurur. ABŞ və İranın yeni müharibəyə başlamaq üçün kifayət qədər hərbi və siyasi resursları qalıbmı? Vaşinqton yenidən hərbi əməliyyatlara başlamaq qərarı verə bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zaur Məmmədov qeyd edib ki, ABŞ və İran arasında yeni müharibənin baş verməsi mümkündür: “Lakin bunun nə zaman reallaşacağı, hətta ümumiyyətlə baş verib-verməyəcəyi hələ də sual altındadır. Çünki İranın belə bir müharibəyə başlayacağı gözlənilmir. ABŞ isə hərbi əməliyyatlara başlayacağı təqdirdə, müharibədə qalib gələcəyinə əmin olmalıdır. Hesab edirəm ki, İsrailin siyasi elitası, parlamentdəki fraksiyalardan asılı olmayaraq, eləcə də İsrail cəmiyyətinin özü İranla müharibənin tərəfdarıdır. Səsvermələrin nəticələri də bunu göstərir. Artıq İsrail ABŞ-yə bu barədə müraciət edib. Lakin Ağ Ev rəhbəri Donald Trampın müharibəyə başlamaq barədə qərar verməsi yalnız qələbə qazanacağına əmin olduğu halda mümkündür”.
Politoloq qeyd edib ki, qələbə qazanmaq isə kifayət qədər çətin məsələdir: “Bundan əvvəlki müharibə də bunu sübut etdi. Təbii ki, burada hər şey qarşıya qoyulan məqsədlərdən asılıdır. Eyni zamanda, Əfqanıstan və İraq hadisələrinin təcrübəsi göstərir ki, ABŞ-nin belə bir müharibədə Qərb koalisiyasının dəstəyinə ehtiyacı var. Lakin hazırda Qərb ölkələri arasında İran məsələsi ilə bağlı vahid mövqe yoxdur”.
Ayhan
18:10 28.11.2026
Oxunuş sayı: 50