İtaliyanın Ukraynaya verə biləcəyi qırıcılarla bağlı problem üzə çıxıb
Ukrayna İtaliyadan 10-20 ədəd Eurofighter Typhoon qırıcısının təhvil verilməsini istəyib. Lakin təyyarələrin texniki vəziyyəti və döyüş imkanları ilə bağlı müəyyən suallar yaranıb.
Crossmedia.az xəbər verir ki, "UNİAN" bu barədə məlumat yayıb.
Məlumata görə, söhbət İtaliya Hərbi Hava Qüvvələrinin silahlanmadan çıxarmağı planlaşdırdığı Tranche 1 modifikasiyalı təyyarələrdən gedir. Bu qırıcılar Ukraynanın hazırda hava hücumundan müdafiə və yerüstü hədəflərə zərbələr endirmək üçün istifadə etdiyi köhnə Su-27 təyyarələrini əvəz edə və ya onların imkanlarını tamamlaya bilər.
Defense Express nəşrinin ekspertlərinin məlumatına görə, İtaliyanın hazırda bu modifikasiyadan olan 26 Eurofighter təyyarəsi var. Onların 2029-cu ilədək xidmətdə qalması nəzərdə tutulur ki, bu da Ukraynaya mümkün təhvil üçün nəzəri imkan yaradır.
Bununla belə, Tranche 1 versiyası əsasən hava hücumundan müdafiə məqsədləri üçün nəzərdə tutulub. Təyyarələr AIM-9 və AIM-120 AMRAAM tipli raketlərdən istifadə edə bilir. Lakin onların yerüstü hədəflərə zərbə endirmək imkanları məhduddur və əsasən lazerlə idarə olunan Paveway II aviabombalarının tətbiqi ilə məhdudlaşır.
Ekspertlər bildirirlər ki, bu məhdudiyyətlərə baxmayaraq, Eurofighter Typhoon qırıcıları Ukrayna üçün faydalı ola bilər. Çünki ölkənin Su-27 təyyarələrinin istismar resursu sonsuz deyil.
Əsas narahatlıq isə İtaliya qırıcılarının faktiki texniki vəziyyəti ilə bağlıdır. Analitiklər Böyük Britaniyanın təcrübəsini xatırladıblar. London 2023-cü ildə Tranche 1 versiyalı Eurofighter təyyarələrini Ukraynaya vermək imkanını nəzərdən keçirsə də, 2025-ci ilin martında onların texniki vəziyyətinin qənaətbəxş olmadığı üzə çıxıb.
Məlum olub ki, mövcud 49 təyyarədən üçüncü ölkəyə təhvil verilməyə yararlı olanların sayı ən yaxşı halda iki ədəd təşkil edib.
18:16 28.11.2026
Oxunuş sayı: 44