Durovdan iPhone istifadəçilərinə təcili xəbərdarlıq
Telegram-ın təsisçisi Pavel Durov iPhone istifadəçilərini telefonlarının əməliyyat sistemini təcili yeniləməyə çağırıb. Xəbərdarlığa səbəb köhnə iOS versiyalarında aşkarlanan təhlükəli boşluqlar və haker hücumlarının genişlənməsi ilə bağlı narahatlıqlardır.
Crossmedia.az xəbər verir ki, "UNİAN" bu barədə məlumat yayıb.
Noyabrın 28-də iPhone istifadəçiləri Telegram-ın rəsmi hesabından sistem bildirişləri almağa başlayıblar. Bildirişlərdə köhnə iOS versiyalarındakı təhlükəsizlik boşluqlarının şəxsi məlumatları və istifadəçi hesablarını risk altında qoyduğu qeyd olunub.
Pavel Durov da məsələ ilə bağlı paylaşım edərək Apple smartfonlarının kütləvi haker hücumlarına məruz qaldığını bildirib. Onun sözlərinə görə, əməliyyat sistemi köhnəlmiş iPhone-a daxil olmaq üçün istifadəçinin sadəcə zərərli saytı brauzerdə açması kifayət edə bilər. Bu halda hakerlər telefondakı məlumatlara çıxış əldə edə bilərlər.
Durov hücumların texniki detalları, hansı iOS versiyalarının konkret risk altında olduğu və indiyədək neçə istifadəçinin zərər çəkdiyi barədə əlavə məlumat açıqlamayıb. Bununla belə, Telegram-dan gələn xəbərdarlıq telefonun artıq sındırıldığı anlamına gəlmir.
Məlumata görə, noyabrın ortalarında da oxşar hücum üsulu aşkarlanıb. Kibertəhlükəsizlik mütəxəssisləri BBC, CNN və IKEA da daxil olmaqla, 200-ə yaxın böyük təşkilatın saytlarında zərərli kod müəyyən ediblər. Həmin kod köhnə iOS versiyalarından istifadə edən şəxslərin məlumatlarını, o cümlədən bank kartı məlumatlarını ələ keçirməyə çalışıb.
İstifadəçilərə təhlükəsizlik risklərini azaltmaq üçün iPhone-un əməliyyat sistemini yeniləmək tövsiyə olunur. Bunun üçün telefonun “Parametrlər” bölməsinə daxil olmaq, “Ümumi” seçimini açmaq və “Proqram təminatının yenilənməsi” bölməsindən mövcud yeniləməni quraşdırmaq lazımdır.
18:25 28.11.2026
Oxunuş sayı: 43