ABŞ-İran münasibətlərində dilemma: Hərb, ya sülh?
ABŞ və İran arasında münasibətlərin normallaşması istiqamətində diplomatik müzakirələr davam etsə də, tərəflərin razılaşma şərtləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Vaşinqton və Tehran danışıqlara hazır olduqlarını bəyan etsələr də, qarşılıqlı güzəştlərin hüdudları və əldə olunacaq razılaşmanın şərtləri əsas mübahisə predmetidir. Maraqlıdır, tərəflər ortaq məxrəcə gələ və davamlı razılaşma əldə edə biləcəklərmi? ABŞ Prezidenti Donald Trampın açıqlamaları diplomatik təzyiq vasitəsidir, yoxsa daha sərt addımların anonsu kimi qiymətləndirilə bilər?

Mövzu ilə bağlı politoloq Nigar Allahverdiyeva Crossmedia.az-a açıqlamasında qeyd edib ki, diplomatiyada razılaşmaya hazır olmaqla qarşı tərəfin şərtlərini qəbul etməyə hazır olmaq arasında ciddi fərq var: “Hesab edirəm ki, ABŞ–İran münasibətlərində hazırkı ziddiyyətin mahiyyəti də məhz bundan ibarətdir.
İran üçün əsas məsələ əldə olunacaq razılaşmanın siyasi və strateji qiymətidir. Nüvə proqramı, iqtisadi sanksiyalar, təhlükəsizlik təminatları və regional təsir imkanları Tehranın danışıqlardakı mövqeyini müəyyənləşdirən başlıca amillərdir. Digər tərəfdən, ABŞ-nin 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxması İranın yeni razılaşmanın davamlılığına ehtiyatla yanaşmasını şərtləndirən tarixi presedentdir. Trampın açıqlamasına gəldikdə isə, bunu diplomatik təzyiq strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək mümkündür. Vaşinqton bu ritorika vasitəsilə həm Tehranın güzəşt imkanlarını genişləndirməyə, həm də danışıqların nəticəsiz qalacağı təqdirdə siyasi məsuliyyəti qarşı tərəfin üzərinə yönəltməyə çalışa bilər”.
Politoloq qeyd edib ki, Trampın açıqlamasını indidən bəhanə adlandırmaq üçün kifayət qədər əsas yoxdur: “Bununla belə, həmin bəyanatın mümkün sərt siyasi addımlar üçün zəmin hazırlamaq məqsədi daşıması da istisna edilmir. Fikrimcə, hazırkı mərhələdə əsas sual İranın sülh istəyib-istəməməsi yox, tərəflərin hansı şərtlər daxilində sülhə hazır olmasıdır. Davamlı razılaşmanın əldə edilməsi qarşılıqlı etimadın formalaşdırılmasından, real təhlükəsizlik təminatlarından və diplomatik kompromis imkanlarından asılıdır”.
Ayhan
18:40 28.11.2026
Oxunuş sayı: 45