Arzulayırıq, əldə edirik, sonra bezirik: İnsan niyə heç vaxt tam xoşbəxt hiss etmir?
İnsanın böyük arzu və həyəcanla can atdığı bir hədəfə çatdıqdan müəyyən müddət sonra ona qarşı marağını itirməsi və növbəti istəklərin ardınca qaçması psixoloji baxımdan tez-tez rast gəlinən hallardandır. Bu proses həm beynin təbii mexanizmləri, həm daxili emosional ehtiyaclar, həm də müasir sosial mühitin təsiri ilə formalaşır.Bəs bunun səbəbi nədir?Niyə əldə etdiyimiz şeylər bizim üçün qısa müddətdən sonra marağını itirir.
Mövzu ilə bağlı psixoloq Mətanət Əliyeva Crossmedia.az-a açıqlama verib.
Psixoloq bildirib ki, bu halın elmi adı hedonik adaptasiyadır və burada beynin mükafat sistemi mühüm rol oynayır:
"İnsanın çox arzuladığı bir şeyə çatdıqdan müəyyən müddət sonra ona qarşı əvvəlki qədər maraq hiss etməməsi psixologiyada kifayət qədər tanınmış bir mexanizmdir. Buna "hedonik adaptasiya" deyilir. İnsan yeni bir şey əldə etdikdə əvvəlcə güclü sevinc və həyəcan yaşayır, lakin zamanla bu vəziyyət adiləşir. Burada beynin mükafat sistemi də mühüm rol oynayır. Beyin yalnız mükafatın özünə deyil, onu gözləməyə, ona doğru irəliləməyə və yenilik hissinə də reaksiya verir. Məqsədə çatdıqdan sonra gözlənti azalır və beyin növbəti hədəfə yönəlir. Davamlı yeni şeylər istəmək təkamül prosesində formalaşmış motivasiya sisteminin bir hissəsidir. Əgər insan yeniliyə can atmasaydı, öyrənmə və inkişaf məhdud olardı".
M.Əliyeva vurğulayıb ki, bu prosesin arxasında bəzən ödənilməmiş daxili psixoloji ehtiyaclar və sosial mühit dayanır:
"Bunu yalnız "insan doyumsuzdur"kimi izah etmək doğru olmaz. İnsan öz dəyərini sahib olduqları, statusu və ya görünüşü ilə ölçürsə, əldə etdiyi heç bir şey ona uzunmüddətli məmnunluq verməyəcək. Çünki əsas ehtiyac qəbul olunmaq, təhlükəsizlik, özünəinam və ya dəyərli hiss etmək ehtiyacı qarşılanmayıbsa, beyin yeni bir obyekt seçir və "bunu da əldə etsəm, yaxşı olacağam"dövrəsi davam edir. Müasir sosial media və istehlak mədəniyyəti də bu prosesi gücləndirir; İnsan başqalarının uğurlarını gördükdə sahib olduqlarını daha tez adi qəbul edir".
Ekspert yetişkinlik dövründə xarakterin tam dəyişməsi məsələsinə və bu dövrədən çıxış yollarına da aydınlıq gətirib:
"Xarakterin əsas bazası uşaqlıq və yeniyetməlik dövründə formalaşdığı üçün yetkin yaşda insanın xarakterinin tamamilə dəyişməsindən konuşmaq doğru olmaz. Ancaq insan öz düşüncə tərzini, davranış modellərini və vərdişlərini dəyişə bilər. Bu dövrədən çıxmaq üçün insan ilk növbədə özünə "mən həqiqətən bunu istəyirəm, yoxsa bunun mənə verəcəyini düşündüyüm hissi istəyirəm?" sualını verməlidir. Digər vacib məqam minnətdarlıq və şüurlu fərqindəlikdir. Hədəfləri nəticə üzərindən deyil, proses və dəyərlər üzərindən qurmaq lazımdır. Məqsəd istəməyi dayandırmaq deyil, xoşbəxtliyi yalnız növbəti əldə ediləcək şeyə bağlamamaqdır. Psixoloji yetkinlik də məhz budur: insan həm inkişaf etməyə davam edir, həm də sahib olduqlarını dəyərsizləşdirmədən yaşamağı öyrənir".
Fatimə Cabbarlı
14:00 19.10.2026
Oxunuş sayı: 51