ABŞ seçkilərə gedir - Trampın siyasi kariyerası təhlükədə
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər Prezident Donald Trampın siyasi mövqeyi və administrasiyasının gələcək fəaliyyət imkanları baxımından mühüm əhəmiyyət daşıyır. Seçkilərin nəticələri Konqresdə qüvvələr balansına təsir etməklə yanaşı, Respublikaçılar və Demokratlar partiyalarının gələcək siyasi strategiyalarını da müəyyənləşdirə bilər. Bu prosesdə Trampın namizədlərə münasibəti, seçicilərin mövqeyi və partiyaların seçki kampaniyalarının nəticələri əsas amillər sırasındadır.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlamasında bildirib ki, aralıq seçkilərin nəticələrinə Trampın hansı namizədləri dəstəkləyəcəyi təsir göstərə bilər:
“Bununla belə, onun konkret namizədlərə münasibətini indidən müəyyənləşdirmək çətindir. Trampın şəxsi mövqeyi və siyasi ambisiyaları nəzərə alınarsa, onun bəzi namizədləri dəstəkləməməsi də mümkündür”.
Politoloq qeyd edib ki, seçkilərin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq asan deyil:
“Çünki seçicilərin qərarı son ana qədər dəyişə bilər. ABŞ-nin seçki sistemində partiyaların ümumi mövqeyi ilə yanaşı, namizədlərin şəxsi nüfuzu, seçicilərlə münasibətləri və seçki kampaniyasındakı fəaliyyəti də mühüm rol oynayır. Demokratlar bəzi ştatlarda mövqelərini gücləndirməyə, Nümayəndələr Palatasında və Konqresdə təsirlərini artırmağa, eləcə də qubernator seçkilərində uğur qazanmağa çalışırlar. Ənənəvi olaraq respublikaçıların üstün olduğu bəzi ştatlarda demokratların qubernatorluq uğrunda mübarizəyə iddialı yanaşması da diqqət çəkir.
Əsas məsələ yalnız Trampın ayrı-ayrı namizədlərə təsiri deyil. Hər iki partiyanın, xüsusilə respublikaçıların seçicilərdən hansı mesajları alacağı və bu mesajlara necə cavab verəcəyi seçkilərin nəticələri baxımından mühüm əhəmiyyət daşıyır.
Aralıq seçkilərin nəticələri ABŞ-nin xarici siyasətinə də təsirsiz ötüşməyə bilər. Xüsusilə Rusiya ilə münasibətlər və enerji məsələləri ətrafında Trampın mövqeyi siyasi müzakirələrə səbəb ola bilər. Bu baxımdan seçkilərin nəticələri təkcə ölkədaxili siyasi qüvvələr nisbəti deyil, Vaşinqtonun gələcək xarici siyasət istiqamətləri baxımından da əhəmiyyətlidir”.
Nuray Mehtiyeva
20:40 13.10.2026
Oxunuş sayı: 51