Azərbaycanın İspaniyadakı səfiri "Raia Diplomática"nın mükafatına layiq görülüb
Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov "İspaniyada akkreditə olunmuş ən yaxşı səfir" (Mejor Embajador Acreditado en España) nominasiyası üzrə mükafata layiq görülüb.
Bu barədə Crossmedia.az-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə İspaniya və Portuqaliyada akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin əməkdaşları, İspaniya hökumətinin və parlamentinin nümayəndələri, biznes dairələrinin yüksək vəzifəli təmsilçiləri, habelə media nümayəndələri iştirak ediblər.
Mükafatı səfirə İspaniya parlamentinin yuxarı palatası olan Senatın üzvü, Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edən Visente Azpitarte təqdim edib.
Ramiz Həsənov çıxışında Azərbaycan və İspaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdən qürur duyduğunu bildirib.
Diplomatiyanın gündəlik dialoq, qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurulduğunu vurğulayan səfir bu istiqamətdə həyata keçirilən fəaliyyətin ikitərəfli əlaqələrin inkişafına, eləcə də xalqların və mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verdiyini qeyd edib.
Qeyd edək ki, "Raia Diplomática" mükafatları diplomatiya, beynəlxalq əməkdaşlıq, mədəniyyət və iqtisadi inkişaf sahələrində əldə olunan nailiyyətlərə, həmçinin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə verilən töhfələrə görə ayrı-ayrı şəxslərə, qurumlara və təşkilatlara təqdim olunur.
12:46 19.10.2026
Oxunuş sayı: 75