Nigeriyada vərəm həyəcanı: Yoluxma hallarının sayı 11 minə çatır
Nigeriyanın şimal-mərkəzi hissəsində yerləşən Plato ştatında 2026-cı il ərzində vərəm (tuberkulyoz) xəstəliyinə yoluxma hallarının təxmini sayı 11 minə çatıb.
Crossmedia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın vərəmlə mübarizə proqramının monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Yohanna Bot məlumat verib.
O, ştatın inzibati mərkəzi olan Cos şəhərində keçirilən media nümayəndələri ilə görüşdə bildirib ki, iyul-sentyabr aylarında 2 047 nəfərdə vərəm aşkarlanıb və həmin şəxslər müalicəyə cəlb olunublar.
Rəsminin sözlərinə görə, xəstəliyin təxmini yayılma göstəricisi hər 100 min nəfərə 219 yoluxma halı təşkil edir.
Yohanna Bot qeyd edib ki, vərəmin yayılmasına hava-damcı yolu ilə ötürülmə, insanların sıx məskunlaşması, qidalanma çatışmazlığı və immun sisteminin zəifləməsi təsir göstərir. Xüsusilə beş yaşadək uşaqlar, yaşlılar və İİV-ə yoluxmuş şəxslər daha yüksək risk qrupuna daxildir.
O, həmçinin cəmiyyətdə xəstəliklə bağlı yanlış təsəvvürlərin və sosial damğalanmanın insanların vaxtında tibbi yardıma müraciət etməsinə mane olduğunu vurğulayıb.
Bildirilib ki, bölgədə təhlükəsizlik problemləri və əhalinin məcburi köçkün vəziyyətinə düşməsi də xəstəliyin aşkarlanmasını və müalicəsini çətinləşdirir. Xüsusilə Manqu, Cos-Saut və Barkin-Ladi ərazilərində zorakılıq hadisələri nəticəsində yaşayış yerlərini tərk edən insanların müvəqqəti düşərgələrdə məskunlaşması vəziyyəti daha da mürəkkəbləşdirib.
Hazırda səhiyyə işçiləri məcburi köçkün düşərgələrində və cəzaçəkmə müəssisələrində aktiv müayinələrin keçirilməsinə, eləcə də əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinə üstünlük verirlər.
Yohanna Bot vərəm əleyhinə dərman preparatlarının çatışmazlığından da narahatlığını ifadə edib. O, bu problemin təchizat zəncirindəki fasilələr və beynəlxalq maliyyələşmədən, xüsusilə Qlobal Fondun dəstəyindən yüksək asılılıqla əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, Nigeriya dünyada vərəm xəstəliyinin geniş yayıldığı ölkələrdən biridir. Xəstəliyin qarşısını almaq və onu müalicə etmək mümkün olsa da, gec diaqnoz qoyulması, tibbi xidmətə çıxışın məhdudluğu və sosial damğalanma onunla mübarizəni çətinləşdirir.
12:37 19.10.2026
Oxunuş sayı: 63