Bəzi ölkələr XƏRİTƏDƏN SİLİNƏCƏK: Qorxunc "Yaxın Şərq" planı sızdı!
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı iki gün ərzində iki dəfə ard-arda hücuma məruz qalıb. Hava limanının sərnişin zalına düşən naməlum mərmi nəticəsində terminalda yanğın baş verib, xəsarət alanlar olub. Hava hücumundan müdafiə sistemləri isə yaxınlıqda bir qanadlı raketi zərərsizləşdirib. Şənbə günü baş verən ilk hücum zamanı isə ən azı 12–13 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmışdı. Yəməndə fəaliyyət göstərən husilərin məsuliyyəti üzərinə götürdüyü bu qanlı hadisələr Qərbi Asiyada geosiyasi gərginliyi maksimum həddə çatdırıb.
Bu təxribatlar və hücumlar regionun necə böyük və təhlükəli bir qarşıdurma bataqlığına çəkildiyini nümayiş etdirir. Qərbi Asiyada kənar qüvvələrin fəal müdaxiləsi ilə formalaşan koalisiyalar və kəskinləşən qarşıdurmalar bütün region dövlətlərinin suverenliyi üçün ciddi təhdidə çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, hazırda böyük Qərbi Asiya regionu demək olar ki, genişmiqyaslı qarşıdurmanın daxilindədir.

Politoloq qeyd edib ki, ABŞ–İran və İsrail–İran oxunda cərəyan edən qarşıdurmada tərəflərin hər birinin öz müttəfiqlər şəbəkəsi var: "Səudiyyə Ərəbistanı Amerikanın, husi hərəkatı isə İranın müttəfiqi kimi proseslərin tam mərkəzində yer alır. Səudiyyə Ərəbistanının böyük hərbi-sənaye kompleksinə və texniki bazasına baxmayaraq, ordusunun döyüş qabiliyyəti taktiki və strateji baxımdan zəifdir. Qərb mütəxəssislərinin də dəyərləndirdiyi kimi, xarici və amerikalı təlimatçıların hazırladığı xüsusi təyinatlılara rəğmən, real əməliyyatlarda Səudiyyə ordusu risklərdən qaçır, astagəllik edir və lazımi bacarığı göstərə bilmir".
Tofiq Abbasovun sözlərinə görə, region ölkələri artıq kəskin fraksiyalara bölünüb: "Bir tərəfdə İran, husilər, İraqdakı hərəkatlar, Hizbullah və Həmas, digər tərəfdə isə ABŞ, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri dayanır. Lakin Qərb blokunda lazımi mütəşəkkillik çatışmır. Əvəzində neo-imperialist və neo-müstəmləkəçi fövqəlgüvvələr bu qarşıdurma aralığını maksimal dərəcədə böyütməyə, dövlətləri müharibəyə çəkməyə və hətta bəzi ölkələri siyasi xəritədən silməyə çalışırlar. Birinci və İkinci Dünya müharibələrindən sonra yaratdıqları sərhədləri indi "səhv idi" bəhanəsi ilə yenidən pozan qlobalistlər münaqişələrin sayını artırmaqla zəif dövlətləri sıradan çıxarmaq niyyətindədirlər. Politoloq vurğulayıb ki, belə mürəkkəb keçid dövründə Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, hər bir dövlət duruş gətirmək üçün ilk növbədə öz gücünə və ehtiyatlarına arxalanmalı, hərbi-siyasi cəhətdən qüdrətli olmalıdır".
Zeynəb Həsən
15:45 12.10.2026
Oxunuş sayı: 52