Yaxın Şərqdə yeni güc bloku: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birləşir!
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. 2026-cı ilin avqustunda imzalanan Məkkə Birgə Müdafiə Sazişi oktyabrın 5-də keçirilən fövqəladə üçtərəfli görüşdən sonra praktiki icra mərhələsinə keçirilib. Tərəflər Səudiyyə Ərəbistanının təhlükəsizliyinə qarşı təhdidlər fonunda birgə müdafiə öhdəliklərinin həyata keçirilməsi və hərbi qüvvə və imkanların operativ yerləşdirilməsi istiqamətində addımlar atmaq barədə razılığa gəliblər. Bu qərar regional təhlükəsizlik əməkdaşlığının genişlənməsi və Yaxın Şərqdə güc balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Siyasi şərhçi Aydın Tağıyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında üçtərəfli müdafiə əməkdaşlığı Yaxın Şərqdə yeni güc balansı formalaşdırır və ABŞ-nin zəifləyən təhlükəsizlik çətirinə alternativ kimi çıxış edir: "Bu təşəbbüs bölgədə yeni hərbi-siyasi blokun yaranmasına real zəmin yaradır”.

Onun sözlərinə görə, bu əməkdaşlığın əsas xüsusiyyətlərindən biri kollektiv müdafiə öhdəliyinin mövcudluğudur: “Müqavilə NATO-nun 5-ci maddəsinə bənzər şəkildə kollektiv müdafiə mexanizmini nəzərdə tutur. Hesab edirəm ki, bu əməkdaşlıq Yaxın Şərqdə yeni güc mərkəzi formalaşdırır. ABŞ-nin zəifləyən mövqeyi fonunda üçlük öz təhlükəsizlik mexanizmini qurur”.
Siyasi şərhçi hesab edir ki, əməkdaşlığın gələcəkdə genişlənməsi regiondakı qüvvələr nisbətinə təsir edə bilər: “Bu üçtərəfli müdafiə əməkdaşlığı Yaxın Şərqdə alternativ təhlükəsizlik arxitekturası qurur. Əgər genişlənərsə, bölgədə yeni hərbi-siyasi blok formalaşa bilər. Bu isə həm İranın təsirini məhdudlaşdıracaq, həm də ABŞ-nin regiondakı dominant rolunu zəiflədəcək”.
Nigar Xəlilli
14:00 12.10.2026
Oxunuş sayı: 54