Alimlər 1600 illik şüşənin sirrini açıb
Şeffild Universitetinin alimləri işıqdan asılı olaraq rəngini dəyişən, təxminən 1600 il yaşı olan Roma şüşəsinin hazırlanma texnologiyasını yenidən yaradıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Söhbət Britaniya Muzeyində saxlanılan Likurq qədəhindən gedir. Adi işıqda yaşıl görünən qədəhə arxadan işıq düşdükdə yaqut-qırmızı rəng alır. Bu optik effekt uzun illər tarixçiləri və şüşə ustalarını maraqlandırıb.
Tədqiqatçılar qədim resepti bərpa edərək 1000°C-dən yüksək temperaturda əridilmiş şüşəyə qızıl və gümüş nanohissəcikləri əlavə ediblər. Soyuma zamanı yaranan kristallar işığın müxtəlif dalğa uzunluqlarına təsir göstərərək qədəhin işıqlandırma şəraitindən asılı olaraq fərqli rənglərdə görünməsini təmin edib.
London Universitet Kollecinin professoru İan Fristoun bildirib ki, Şeffild alimləri 1960-cı illərdəki cəhdlərlə müqayisədə qədəhin rəng çalarlarını daha dəqiq əldə edə biliblər. Onun sözlərinə görə, rəng nəticəsi qabın sobadakı mövqeyindən də asılı olduğundan qədim romalılar üçün bu prosesi idarə etmək çətin olub.
23:41 25.10.2026
Oxunuş sayı: 71