Avtomobil etibarnamələri ləğv edilir? Açıqlama
Azərbaycanda avtomobil sahibi nəqliyyat vasitəsində olmadıqda, müəyyən istisnalar nəzərə alınmaqla, avtomobili etibarnaməsiz idarə etmək 40 manat cərimə ilə nəticələnir. Bu səbəbdən avtomobil sahibləri, xüsusilə ailə üzvlərinin nəqliyyat vasitəsindən istifadəsi zamanı etibarnamə rəsmiləşdirməyə məcbur qalırlar. Bir çox xarici ölkədə isə avtomobili sadəcə idarə etmək üçün ayrıca etibarnamə tələb olunmur; qeydiyyat sənədi, sürücülük vəsiqəsi və sığortanın olması kifayət edir. Etibarnamə əsasən avtomobilin satışı, qeydiyyatı, xaricə aparılması və sərhəddən keçirilməsi kimi hallarda tələb olunur. Azərbaycanda da bu sistemə keçidin mümkünlüyü ilə bağlı təkliflər səsləndirilir, lakin bunun üçün qanunvericilikdə müvafiq dəyişiklik edilməlidir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, etibarnamə Sovet dönəmindən qalmış bir prosedurdur və bir sıra ölkələrdə bu tələb artıq ləğv edilib:
“Etibarnamə Sovet dönəmindən qalmış bir prosedur idi. Keçmiş Sovet İttifaqına daxil olan 15 respublikanın demək olar ki, hamısında bu qayda mövcud idi. Lakin hazırda Rusiya başda olmaqla Gürcüstan, Baltikyanı ölkələr və digər dövlətlər etibarnamə tələbini ləğv ediblər. Yəni “Avtomobilin açarı məndədirsə, deməli, bu nəqliyyat vasitəsi mənə etibar edilib” prinsipi ilə hərəkət olunur. Bu gün Türkiyədə və bir çox digər ölkələrdə də etibarnamə tələbi mövcud deyil. Bizim də bu prosesə qoşulmağımız, yəni etibarnaməsiz avtomobil idarə edilməsinə şərait yaradılması yaxşı olardı. Çünki hazırda xüsusilə ailə üzvlərinin sayı qədər etibarnamə verilir. Məsələn, atanın dörd oğlu və ya qızı varsa, onların hər biri üçün ayrı-ayrı etibarnamə rəsmiləşdirilməlidir. Bu istiqamətdə xüsusi addımların atıla biləcəyinə və prosesin tezliklə reallaşacağına ümid edirik. Digər tərəfdən, bəzi ölkələrdə etibarnamə tələbinin saxlanılması oğurluq hallarının qarşısının alınması ilə əsaslandırılır. Lakin avtomobil oğurlayan şəxs hər hansı bir yolla etibarnamə də əldə edib bu əməli törədə bilər. Dolayısı ilə, bu amil etibarnamənin saxlanılması üçün əsaslı arqument sayılmamalıdır”.

Məsələ ilə bağlı hüquqşünas Ülvi Nağıyev isə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericilik aktlarının qəbul olunması və imzalanması prosesi Konstitusiyada və digər müvafiq qanunvericilik aktlarında dəqiq tənzimlənir:
“Bu proses müəyyən mərhələlərdən ibarətdir: layihənin müzakirəsi, səsvermə və qəbul, eləcə də imzalanma. Qanun layihələri Milli Məclis tərəfindən müvafiq oxunuşlarda müzakirə olunur. Müzakirələrdən sonra layihə səsə qoyulur və Milli Məclis tərəfindən qəbul edilir. Qəbul olunan qanunlar imzalanması üçün cənab Prezidentə təqdim olunur və dövlət başçısı tərəfindən imzalanaraq qüvvəyə minir. Etibarnamələrin ləğvi və ya Avropadakı mövcud sistemə keçid məsələsinə gəldikdə isə, hazırda bu istiqamətdə hər hansı bir qanunvericilik təşəbbüsü nəzərdə tutulmayıb. Qanunların qəbul edilməsi və ya dəyişdirilməsi üçün mövcud hüquqi prosedurlar mövcuddur və yaxın gələcəkdə bununla bağlı hər hansı bir dəyişiklik gözlənilmir”.
Zeynəb Həsən
13:30 12.09.2026
Oxunuş sayı: 53