Azərbaycanın voleybol klublarının Avropa kuboklarındakı oyun proqramı bəlli olub
2026/2027 mövsümündə Avropa kuboklarında təmsil olunacaq Azərbaycanın voleybol klublarının oyun proqramı müəyyənləşib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq "Turan" ilk matçını oktyabrın 20-də saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost" (Zaqreb) klubuna qarşı keçirəcək. Cavab qarşılaşması oktyabrın 29-da saat 20:00-da Zaqrebdə olacaq.
Turnirdəki digər təmsilçi "Xilasedici" isə ilk görüşündə noyabrın 3-də saat 18:00-da Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Portuqaliyanın "Sportinq" (Lissabon) kollektivini qəbul edəcək. Tərəflər arasında cavab matçı noyabrın 11-də saat 19:30-da Lissabonda baş tutacaq.
Çelenc Kubokunun 1/32 final mərhələsində yarışacaq "DH Volley" oktyabrın 27-də saat 19:00-da Danimarkada "Holte" komandasının qonağı olacaq. Cavab oyunu noyabrın 5-də saat 18:00-da Bakıda, FHN-in idman zalında təşkil olunacaq.
"Ordu" isə ilk matçında noyabrın 11-də saat 19:30-da səfərdə Norveçin "Forde" klubu ilə üz-üzə gələcək. Bu cütün cavab görüşü noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
11:08 12.09.2026
Oxunuş sayı: 44