Vaşinqton və Pekinin yeri dəyişir - dövlətlər Çindən asılı olacaq
ABŞ–İran qarşıdurmasının BRICS platformasında müzakirəyə çıxarılması qlobal siyasətdə diqqət çəkən məqamlardan biridir. Lakin bu müzakirənin qısa müddətdə dünya gücləri arasındakı nisbəti dəyişəcəyi gözlənilmir. İranın Rusiya və Çinlə yaxın münasibətlərinə baxmayaraq, Moskva və Pekinin ABŞ-yə qarşı birbaşa müharibəyə qoşulması real görünmür. Bununla yanaşı, BRICS ölkələrinin dolların qlobal dominantlığını azaltmaq və milli valyutalarla ticarəti genişləndirmək cəhdləri də davam edir. Dünya valyuta ehtiyatlarında dolların üstün mövqeyi isə hələ də qorunur. Bu səbəbdən söhbət ani dəyişiklikdən deyil, uzunmüddətli geosiyasi və iqtisadi transformasiyadan gedir. Bəs BRICS-in mövqeyi və dollardan uzaqlaşma siyasəti gələcəkdə ABŞ-nin qlobal təsir imkanlarını nə dərəcədə zəiflədə bilər?
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ–İran qarşıdurmasının BRICS-də müzakirə olunması hələlik qlobal güc balansında ciddi dəyişiklik yaratmayacaq:
“ABŞ–İran qarşıdurması məsələsinin BRICS-də müzakirəyə çıxarılması dərhal qlobal səviyyədə qüvvələr nisbətinin dəyişməsinə səbəb olmayacaq.
İndiki vəziyyətdə nə İranın “müttəfiq” saydığı Rusiya, nə də Çin ABŞ-yə qarşı İran tərəfindən müharibəyə qoşulacaq. Doğrudur, gizli şəkildə olsa da, İrana yardımlar davam edir. Yəni silah təchizatı, silah istehsalı üçün bəzi komponentlərin ixracı və legitim hərbi hədəflərin dəqiq koordinatlarını təmin edən kosmik kəşfiyyat məlumatlarının verilməsi kimi dəstəklər göstərilir. Baxmayaraq ki, bunu həm Rusiya, həm də Çin təkzib edir. Lakin İran tərəfindən Çin və Rusiyanın birbaşa müharibəyə qoşulması gözlənilmir. Bu baxımdan, güclər nisbətinin dəyişməsindən hələlik söhbət gedə bilməz.

O ki qaldı dollardan asılılığın aradan qaldırılması məsələsinə, bu uzun müddətdir müzakirə mövzusudur və ABŞ üzərində müəyyən təzyiqlər yaradır. Lakin nə qədər müzakirə olunsa da, bu gün dünya valyuta ehtiyatlarının 57 faizdən çoxunu dollar təşkil edir və dövlətlər ehtiyatlarını məhz bu valyutada saxlayırlar. Çin yuanı və Avropa İttifaqının avrosu ilə müqayisədə mövcud nisbət hələ də ABŞ və dolların xeyrinədir.
Əlbəttə, perspektivdə dollarla ticarətin azaldılması və dövlətlərin milli valyutalarla qarşılıqlı ticarət aparması müzakirə olunur. Ancaq bunlar qısa müddətdə baş verəcək və qlobal vəziyyəti köklü şəkildə dəyişəcək amillər deyil.
Hər bir halda, bu proseslər ABŞ hegemonluğuna son qoymaq və dolların təsir imkanlarını zəiflətmək istəyinin göstəricisidir. Bu tendensiya dünən də var idi, bu gün də var və gələcəkdə də davam edəcək. Dollardan uzaqlaşma siyasəti təkqütblü dünyadan çoxqütblü dünyaya keçidin açıq göstəricisidir.
Lakin bu məsələnin özündə də müəyyən problemlər var. Çünki çoxqütblülük təkcə ABŞ hegemonluğundan qurtulmaq deyil, həm də yeni yaranan qlobal güc mərkəzlərindən asılılıq riski deməkdir. Əgər dövlətlər əvvəl ABŞ-dən asılı idilərsə, gələcəkdə Çin və onun ətrafındakı birliklərdən asılı vəziyyətə düşə bilərlər.
Belə bir ssenarini isə heç kim istəmir”.
Zeynəb Həsən
13:30 10.09.2026
Oxunuş sayı: 56