Trampın demokratiya maskası düşdü - İlhan Ömər qalmaqalı ABŞ-nin imicinə kölgə salır
ABŞ Prezidenti Donald Trampın demokrat konqresmen İlhan Ömərə qarşı sərt və təhqiramiz çıxışları ölkədə siyasi qarşıdurmanı yenidən gündəmə gətirib. Tramp Öməri “xəstə”, “namərd” və ABŞ-yə nifrət edən şəxs kimi təqdim edib, onun deportasiya oluna və ya həbsə düşə biləcəyini deyib. O, eyni zamanda Ömərin doğulduğu Somali haqqında da təhqiramiz ifadələr işlədib. Bu açıqlamalar federal agentlərin Ömərin Vaşinqtondakı evində immiqrasiya sənədləri ilə bağlı axtarış aparmasından sonra səsləndirilib. 2000-ci ildən ABŞ vətəndaşı olan Ömər Trampın ən sərt tənqidçilərindən biridir. Prezidentin çıxışı siyasi rəqibə qarşı şəxsi hücumlarla yanaşı, onun mənşəyini və vətəndaşlıq statusunu mübahisə mövzusuna çevirən ritorikanın da nümunəsi kimi diqqət çəkir. Hadisə ABŞ-də siyasi mübarizənin sərhədləri, immiqrasiya mövzusunun siyasi ritorikada istifadəsi və ictimai diskursda təhqiramiz ifadələrin rolu ətrafında müzakirələri gücləndirib.
Politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında ABŞ və Avropa ölkələrinin demokratiya və insan hüquqları sahəsindəki siyasətini, eləcə də Donald Trampın siyasi mövqeyini tənqid edib.

Politoloq demokratiya anlayışının son dövrlərdə mübahisəli məsələyə çevrildiyini qeyd edib: “Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ABŞ-nin vitse-prezidenti Avropa ölkələrini antidemokratik olmaqda və demokratik dəyərlərdən uzaqlaşmaqda ittiham etdi. Halbuki ABŞ-nin özündə də demokratiya və insan hüquqları ilə bağlı ciddi problemlər var. Dünya informasiya məkanında böyük dövlətlərin təsiri güclü olduğundan ABŞ və Avropa ölkələri əsasən demokratik dəyərlərin müdafiəçiləri kimi təqdim olunur. Lakin bu imic həmin dövlətlərdə mövcud olan problemləri kölgədə qoymamalıdır”.
Elçin Xalidbəyli ABŞ-də irqi ayrı-seçkilik və polis zorakılığı ilə bağlı halları bu problemlərin göstəricisi kimi qiymətləndirib: “ABŞ-nin son dövrlərdəki tarixinə nəzər saldıqda irqi ayrı-seçkilik zəminində baş verən çoxsaylı hadisələri görmək mümkündür. Qaradərili insanların, o cümlədən qadınların polis tərəfindən öldürülməsi ilə bağlı hallar ölkədə insan hüquqlarının qorunması məsələsini gündəmə gətirir. Fransada da demokratik dəyərlərlə bağlı ciddi ziddiyyətlər müşahidə olunur. Buna görə də Qərb ölkələrinin demokratiya sahəsindəki vəziyyətini yalnız özlərinin yaratdıqları imic əsasında qiymətləndirmək düzgün deyil”.
Politoloq Trampın siyasi davranışlarının da demokratik prinsiplərlə ziddiyyət təşkil etdiyini bildirib: “Tramp demokratiya və insan hüquqları anlayışlarından uzaq siyasətçilərdən biridir. O, müasir dünyada avtoritarizmin əsas simvollarından birinə çevrilib. Digər dövlətlərə öz mövqeyini və ölkəsinin maraqlarını diktə etməyə çalışması onun siyasi üslubunun əsas xüsusiyyətlərindəndir. Bu baxımdan, Trampın təhqiramiz ifadələr işlətməsi və irqçi ritorikadan istifadə etməsi təəccüblü deyil. Onun siyasi davranışları ilə demokratik dəyərlər arasında ciddi ziddiyyət var”.
E.Xalidbəyli vurğulayıb ki, ABŞ-də demokratiya və insan hüquqları ilə bağlı problemlərin hakimiyyət nümayəndələrinin davranışlarında da özünü göstərməsi ölkənin demokratik imicini sual altına alır: “Özünü demokratik dünyanın əsas təmsilçilərindən biri kimi təqdim edən ABŞ-də bu cür halların baş verməsi və hakimiyyət nümayəndələrinin, o cümlədən prezidentin mübahisəli davranışları təəccüb doğurmamalıdır. Əsas məsələ bəyan edilən demokratik prinsiplərlə real siyasi davranışlar arasındakı fərqdir”.
Nigar Xəlilli
16:30 21.10.2026
Oxunuş sayı: 61