Polşa rusiyalı hakimi ölkədən çıxarır
Polşa hakimiyyəti karate üzrə rusiyalı hakim Aleksandr Manirakinin Şengen vizasını ləğv edərək onun ölkədən çıxarılmasına qərar verib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “RT” nəşri bu barədə məlumat yayıb.
Maniraki Polşanın Belsko-Biala şəhərində keçiriləcək gənclər arasında dünya çempionatında hakimlik etməli idi. O, yarışa dəvət olunan hakimlər arasında yeganə Rusiya vətəndaşı olub.
Məlumata görə, yarışdan bir neçə gün əvvəl Polşaya gələn hakimin sənədləri polis tərəfindən iki dəfə yoxlanılıb. Daha sonra o, polis bölməsinə aparılıb.
Bölmədə Manirakiyə turist vizası ilə deyil, idman vizası ilə ölkəyə daxil olmalı olduğu bildirilib. Bundan sonra onun Şengen vizası ləğv edilib və ölkəni tərk etməsi üçün səkkiz gün vaxt verilib.
Rusiyalı hakim saxlanılma şəraitindən narazılığını ifadə edərək ona qandal taxıldığını, sorğu-sual edildiyini və üzərində axtarış aparıldığını iddia edib.
“Mən ölkəyə Şengen vizası ilə qanuni daxil olmuşam. Yarışa gələn insan hansı ictimai təhlükə yarada bilər ki, onunla belə rəftar olunsun?” – deyə Maniraki bildirib.
Qeyd edək ki, daha əvvəl Niderland hakimiyyəti də idman gimnastikası üzrə dünya çempionatında iştirak etməli olan üç rusiyalı gimnast – Angelina Melnikova, Viktoriya Listunova və Anna Kalmıkovaya viza verməyib. Rəsmi qurumlar bu qərarı beynəlxalq münasibətlər üçün təhlükə ilə əsaslandırıblar.
16:06 21.10.2026
Oxunuş sayı: 47