Bu içkinin bir qurtumu insanı kor edə bilər - qida mütəxəssisi
Saxta alkoqollu içkilər təkcə istehlakçıların sağlamlığını deyil, həyatını da ciddi təhlükə altına qoyur. Mənşəyi məlum olmayan, kustar üsulla və sanitariya-gigiyena qaydalarına əməl edilmədən hazırlanan belə məhsullar ağır zəhərlənməyə, görmə qabiliyyətinin itirilməsinə, hətta ölümə səbəb ola bilər. Bəs alkoqollu içkilərin istehsalı zamanı hansı tələblərə əməl olunmalıdır, saxta məhsulları necə müəyyən etmək mümkündür və istehlakçılar özlərini bu təhlükədən necə qoruya bilərlər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Seymur Qafarov alkoqollu içki istehsalındakı sərt normativ tələbləri və kustar məhsulların yarada biləcəyi dəhşətli fəsadlardan danışıb:

"İstehlak üçün nəzərdə tutulmuş alkoqollu içkilər mütləq sanitariya-gigiyena qaydalarına və tələblərinə cavab verən, xüsusi istehsal üçün nəzərdə tutulmuş zavodlarda, fabriklərdə və sexlərdə ərsəyə gəlməlidir. Belə müəssisələrdə döşəmə və 2 metr hündürlüyə qədər divarlar rahat yuyula bilən materialla təmin olunmalı, döşəmə sürüşməyən materialdan hazırlanmalıdır. Tavan hissəsində lüminessent, LED və ya plafon tipli işıqlandırma qurğuları quraşdırılmalıdır. Qida ilə birbaşa təmasda olan əbliqat qrupu üzrə bütün heyət mütləq tibbi müayinədən keçməlidir".
Qida eksperti istehsalat sahələrinin mütəmadi dezinfeksiyası və etiketlənmə standartlarının vacibliyini diqqətə çatdırıb:
"İstehsalat sahəsi gəmiricilər, həşəratlar və bakteriyalar əleyhinə hər ay dezinfeksiya, deratizasiya və dezinseksiya tədbirlərinə cəlb olunmalı, xüsusi vasitələrlə dərmanlanmalıdır. Bununla yanaşı, bu məhsullar 'Yeyinti məhsulları haqqında' Qanunun 17.2-ci maddəsinin tələbinə əsasən etiket məlumatlarına malik olmalıdır. Məhsulun üzərindəki bütün bilgilər qanunvericilikdən irəli gələn istifadə təyinatına, tərkibinə, qida və enerji dəyərinə və digər göstəricilərə uyğun olaraq markalanmalıdır".
Seymur Qafarov kustar üsulla hazırlanan saxta içkilərin insan orqanizmi üçün yaratdığı ölümcül təhlükələri vurğulayaraq istehlakçılara xəbərdarlıq edib:
"Sözsüz ki, bu məhsullar saxtalaşdırıldıqda insanların səhhətinin kəskin pisləşməsinə, korluğa və hətta ölüm hallarına gətirib çıxara bilər. Kustar üsulla tərkibi müəyyən edilmədən, qatqı maddələrinin dozası düzgün tənzimlənmədən hazırlanan məhsullar fiziki və bakterioloji çirklənməyə məruz qalır. Bu şəkildə satışa çıxarılan məhsullar insan həyatı üçün böyük risk daşıyır. Ona görə də vətəndaşlar saxta alkoqollu içkilərdən uzaq durmalı, bu malları yalnız bilinən yerlərdən, müəyyən olunmuş istehsal müəssisələrinin birbaşa satış mağazalarından və ya təhlükəsizlik sertifikatlarına malik rəsmi marketlərdən əldə etməlidirlər".
Zeynəb Həsən
16:15 21.10.2026
Oxunuş sayı: 195