Türkiyənin Eskişehir şəhərində yerləşən Anadolu Universitetində Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunan “Müstəqilliyin bərpasının 35-ci
ilində” adlı Beynəlxalq Azərbaycan Konqresinin açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər veririk, Konqres Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan
Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin, Qarabağ Universitetinin, Türkiyənin
Anadolu, İbn Haldun Universitetlərinin, Anadolu Universitetinin nəzdindəki Heydər Əliyev
Tətbiq və Araşdırma Mərkəzinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının
(TADEF), Əskişəhər Azərbaycanlılar Dərnəyinin, Beynəlxalq Münasibətlər, Sosial və
Strateji Araşdırmalar Mərkəzinin (KUT) və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə
baş tutub.
Tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh
Hacıyev Anadolu Universitetinin rektoru, professor Yusuf Adıgüzel ilə görüşüb. Görüşdə
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, ali təhsil müəssisələri arasında
əməkdaşlığın genişləndirilməsi, Azərbaycan həqiqətlərinin akademik müstəvidə təbliği və
diaspor fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Valeh Hacıyev
konqresin təşkilinə göstərilən dəstəyə və qonaqpərvərliyə görə rektora təşəkkürünü
bildirərək tədbirin Azərbaycan və Türkiyə arasında elmi və mədəni əməkdaşlığın daha da
inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimi Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ardınca hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan və Türkiyənin dövlət qurumlarının, ali təhsil müəssisələrinin və
ictimai təşkilatlarının nümayəndələri, elm adamları, tədqiqatçılar və tələbələr iştirak edib.
Açılış mərasimində çıxış edən komitə sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə
Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini,
professor İlyas Topsakal, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli,
Anadolu Universitetinin rektoru Yusuf Adıgüzel, konqresin koordinatoru, Anadolu
Universitetinin Tarix bölməsinin rəhbəri, universitetin nəzdindəki Heydər Əliyev Tətbiq və
Araşdırma Mərkəzinin direktoru, professor Burhan Sayılır Azərbaycan-Türkiyə
qardaşlığının əhəmiyyətindən danışıb.
Valeh Hacıyev konqresin Azərbaycan-Türkiyə münasibətlərinin daha da
möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə, Azərbaycan və Türkiyə
Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin strateji roluna diqqət çəkib.
Gənc nəslin ortaq tarix və milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasında mühüm
rol oynadığını qeyd edib: "Heç vaxt unutmayın, Türkiyənin gücü Azərbaycanın,
Azərbaycanın gücü Türkiyənin gücüdür,"- deyə komitə sədrinin birinci müavini deyib. O,
gəncləri Mustafa Kamal Atatürkün "Nə mutlu türküm deyənə" və Ümummilli Lider Heydər
Əliyevin Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam
kəlamlarında ifadə olunan idealları yaşatmağa çağırıb.
Sonra konqres panel iclası ilə davam edib.
Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Gökhan Güneysunun
moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın müstəqillik mübarizəsi, Türk dünyasının
gələcəyi və regional əməkdaşlıq perspektivləri müzakirə olunub. O, Azərbaycanın dövlət
müstəqilliyini bərpa etməsini "yenidən dirçəliş və böyük fəth dövrü" kimi xarakterizə edib.
Paneldə komitə sədrinin birinci müavini 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan
və Türkiyə diasporlarının sıx əməkdaşlıq etdiyini, erməni lobbisinin dezinformasiya
kampaniyalarına qarşı birgə mübarizə apardığını diqqətə çatdırıb. Həmçinin milli-mədəni
dəyərlərimizin qorunması və təbliği məqsədilə dünyanın 21 ölkəsində 33 Azərbaycan
Evinin fəaliyyət göstərdiyini bildirib.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz Qarabağ Zəfərinin tarixi
əhəmiyyətindən, Azərbaycan Ordusunun inkişafından və müasir hərbi texnologiyaların
tətbiqindən bəhs edib. O, qlobal proseslər fonunda Azərbaycan-Türkiyə qardaşlığının
strateji əhəmiyyət daşıdığını vurğulayıb.