Niderlandda çoxsaylı saytların fəaliyyəti dayandırılıb
Niderlandda PHP proqramlaşdırma dilində aşkarlanan təhlükəsizlik boşluqları səbəbindən kiberhücum riskinin qarşısını almaq məqsədilə çoxsaylı internet saytlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, Niderlandın “NU.nl” xəbər portalı bu barədə məlumat yayıb.
Məlumata görə, ölkə parlamentinin aşağı palatasının saytı, yerli hakimiyyət orqanlarının bəyanatlarının dərc olunduğu “NotuBiz” platforması, bir çox təhsil və elmi müəssisənin rəqəmsal xidmətləri əlçatmaz olub.
Bundan əlavə, ACP polis həmkarlar ittifaqının, EBS nəqliyyat şirkətinin və bəzi futbol klublarının internet səhifələrinin fəaliyyəti dayandırılıb.
Bildirilir ki, aşkarlanan təhlükəsizlik boşluqları kibercinayətkarlara serverlərə uzaqdan müdaxilə etmək və onların idarəsini ələ keçirmək imkanı yarada bilər.
Problemin aradan qaldırılması üçün təhlükəsizlik yeniləməsinin yerli vaxtla saat 16:00-da təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 19-da “Reuters” agentliyi ABŞ, Yaponiya, Avstraliya və Kanadada bir sıra iri şirkətlərin kiberhücumlara məruz qaldığını bildirib. Onların arasında “John Deere”, “SharkNinja” və “Cummins” şirkətləri də yer alıb.
15:27 21.10.2026
Oxunuş sayı: 43