Ukrayna Milli Bankının sədri istefa verib
Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnının antikorrupsiya qurumlarının keçirdiyi axtarışlardan sonra istefa ərizəsi yazdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, Ukraynanın “Strana.ua” nəşrinin “Politika Stranı” Telegram kanalı bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) həyata keçirdiyi axtarışlar zamanı Pışnıya məxsus olduğu bildirilən iki mobil telefon götürülüb.
İddia olunur ki, Milli Bankın rəhbəri barəsində cinayət işi üzrə şübhəli şəxs statusunun verilməsi ehtimalı fonunda istefa qərarı qəbul edib.
Lakin Pışnının istefa ərizəsi yazması barədə hələlik rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, oktyabrın 21-də NABU və SAP Ukrayna Milli Bankının binasında axtarışlar aparıb. NABU istintaq hərəkətlərini təsdiqləsə də, rəsmi açıqlamasında Pışnının adını çəkməyib.
Ukrayna Milli Bankı da axtarışların keçirildiyini təsdiqləyərək qurumun fəaliyyətini adi qaydada davam etdirdiyini bildirib.
16:24 21.10.2026
Oxunuş sayı: 44