Xalq rəssamı: Sənətdə bünövrə olmadan yüksəlmək mümkün deyil – MÜSAHİBƏ
İncəsənət zamanla dəyişsə də, onun əsasını təşkil edən peşəkarlıq, yaradıcılıq və sənətkarın fərdi baxışı daim müzakirə mövzusu olaraq qalır. Müasir dövrdə süni intellektin sənətə nüfuz etməsi, qeyri-ənənəvi əsərlərin yüksək qiymətləndirilməsi və klassik yaradıcılıq prinsiplərinin arxa plana keçməsi incəsənətin mahiyyəti ilə bağlı suallar doğurur. Xüsusilə heykəltaraşlıqda texniki biliklərin, anatomiya və əl əməyinin əhəmiyyəti sənətkarın peşəkarlığını müəyyənləşdirən əsas amillərdəndir. Bununla yanaşı, gənc heykəltaraşların yetişməsi, yerli sənətkarların əməyinin qiymətləndirilməsi və milli incəsənətin qorunması da diqqət tələb edən məsələlərdir. Bəs müasir incəsənətdə yeniliklə ənənə arasındakı sərhəd haradan keçir? Süni intellekt sənətkarın yaradıcılığını əvəz edə bilərmi?
Bütün bu mövzularla bağlı Xalq rəssamı Xanlar Əhmədov Crossmedia.az-a müsahibə verib:
– Sizin hekayəniz rəssamlıqdan, yoxsa heykəltaraşlıqdan başladı? Sənətə gəlişiniz necə oldu?
– Ailəmizdə rəssam olmayıb, amma dayılarımın bu sahəyə qabiliyyəti var idi. Fizika-riyaziyyat üzrə professor olan dayım Yusif Məmmədov bizə gələndə mənimlə müsabiqə edər, Stalin portretini çəkməyimi istəyərdi. Axı o vaxt ancaq o çəkilirdi. Sonra da məni birinci elan edərdi. Bunu bilərəkdən edirdi ki, məndə sənətə həvəs yaransın. Və yaranırdı da. 173 nömrəli məktəbdə oxuyanda sinif yoldaşım Firdovsi Nəcəfov məni Pionerlər evinə, rəssamlıq dərnəyinə dəvət etdi. Dedi gəl şəkil çək, işləyək. Nadir Axundovun sinfində məşğul olduğum vaxt dəhlizdə gəzirdim birdən başqa bir otağın qapısının açıq olduğunu gördüm. İçəridə Anna İvanovna Kvartsevanın rəhbərliyi ilə uşaqlar heykəllər düzəldirdilər. Elə qapıdan baxırdım ki, müəllimə məni də otağa dəvət etdi. Həmin gündən heykəltaraşlığa başladım və bu günə qədər də o otaqdan çıxmamışam.
Daha sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbində Qafar Seyfullayev, Həyat Abdullayeva, Elcan Şamilov və Cəlal Qaryağdı kimi sənətkarlardan dərs aldım. Moskvada Surikov adına Rəssamlıq Akademiyasına daxil olsam da, ürəyimlə bağlı problemə görə həkimlərin məsləhəti ilə daha isti iqlimi olan Daşkəndə getdim. Orada Yuri Nikolayeviç Kiselyovun tələbəsi oldum, həm Avropa, həm də Şərq sənət məktəbinin ənənələrini mənimsədim.
Sonra Bakı üçün darıxdım və Vətənə qayıtdım. Ömər Eldarovun rəhbərliyi ilə aspiranturanı bitirdim. Bu yol mənim sənətkar kimi formalaşmağımda mühüm rol oynadı.
– Gənclik dövrünüzdəki heykəltaraşlıqla bugünkü heykəltaraşlıq arasında hansı fərqləri görürsünüz?
– Hazırda İncəsənət Universitetində professor və baş müəllim kimi çalışıram. Əsas narazılığım rəssamlıq və heykəltaraşlıq ixtisaslarına həddindən artıq çox tələbənin qəbul edilməsidir. Biz oxuyanda kurslara beş nəfərdən artıq tələbə götürülmürdü. İndi isə mənim kurslarımda 12–20 tələbə olur və onların 90–98 faizi qızlardır. Tələbələr arasında istedadlı gənclər var, amma ümumi göstəriciyə baxanda yalnız 4–5 faizinin gələcəkdə ciddi sənətkar kimi yetişəcəyinə ümid edirəm. Qalanlarının bir hissəsi sadəcə diplom almaq üçün oxuyur.
İndiki heykəltaraşların bəziləri möhkəm təməl yaratmadan hay-küylə diqqət çəkməyə, tez məşhurlaşmağa çalışırlar. Halbuki bünövrəsi olmayan ev necə dayana bilməzsə, anatomiya və fundamental biliklər olmadan da sənət yüksələ bilməz.
Bizim dövrümüzdə realizm bəzən tənqid olunsa da, o, sənətin əsas təməllərindən biri idi. Anatomiyanı o qədər yaxşı bilməlisən ki, əsər üzərində işləyərkən hər detalı ayrıca düşünməyəsən. Necə ki, yazı yazanda hərflərin yerini düşünmürsən, sənətkar da insan anatomiyasını dərindən mənimsəməlidir. Bilməlidir ki, barmağın üstündən keçən damar qol ilə qalxıb ürəyə birləşir. Təəssüf ki, bəzi gənclər bu təməli yaratmadan diqqət mərkəzinə düşmək istəyirlər.
– Rəsm əsərindən və ya heykəldən gələn müsbət, sakitləşdirici enerji nədən qaynaqlanır?
– Əsl sənətkarın əsəri onun ağrısından, həyəcanından və daxili yaşantılarından yaranmalıdır. Mən kompüterdə yaradılan 3D heykəllərə, fotoşəkildən köçürülərək xalçaya vurulan süni təsvirlərə sənətin əsl mahiyyəti kimi baxmıram.
Əsər sənətkarın içindən gəlməlidir. O ağrı sanki qanla barmaqlardan keçərək gilə, plastilinə toxunmalıdır. Sadəcə düyməni basmaqla, hazır təsviri köçürməklə sənətin ruhunu yaratmaq mümkün deyil.
Məsələn təbii narın qapalı qabıq altında qıpqırmızı rəng alması, özünəməxsus dad qazanması Allahın möcüzəsidir. Elə deyil? Təsəvvür elə bu qapalı meyvədir, qabığı var. İçi gün işığı görmür amma rənglənir. Möcüzədir. Sənət də mənim üçün belə bir təbiiliyə, canlılığa malik olmalıdır. Əsərdə sənətkarın nəfəsi, duyğusu və özünəməxsus baxışı hiss edilməlidir.
– Süni intellekt gələcəkdə rəssamlığı və heykəltaraşlığı əvəz edə bilərmi?
– Mənim əsərimi süni intellekt heç cür əvəz edə bilməz. Bir dəfə mənim heykəlimin süni intellekt vasitəsilə hərəkətə gətirildiyini gördüm və bu, mənə çox pis təsir etdi. Mən süni üsullarla yaradılan şeyləri qəbul etmirəm.
Həyatım boyu hazırladığım əsərlərin sayından iki dəfə çox əsəri sındırıb atmışam. Çünki hansısa detal məni qane etməyibsə, həmin əsəri qəbul etməmişəm. Mən buna bəzən övladlıqdan çıxarmaq kimi baxıram. Əgər əsərimi bəyənməmişəmsə, onu heç kimə hədiyyə etmirəm. Çünki bilirəm ki, həmin əsəri sındırmaq lazımdır. Sənətkar öz işinə qarşı tələbkar olmalıdır. Mənim üçün əsas məsələ çox əsər yaratmaq deyil, yaratdığım əsərin özümün də qəbul edə biləcəyim səviyyədə olmasıdır.
– Heykəllərinizdə çatdırmaq istədiyiniz əsas ideya nədir? İlham mənbəyinizi necə müəyyənləşdirirsiniz?
– Mənim əsərlərimin mövzuları bir-birindən fərqlənir. Hər biri həyatda gördüyüm, məndə güclü təəssürat yaradan hadisə və ya mənzərədən qaynaqlanır.
Məsələn, bir dəfə şəhərdə ana ilə uşağı gördüm. Həmin mənzərə mənə o qədər təsir etdi ki, dərhal onu heykəldə canlandırmaq istədim. Hansısa detal sənə daxilən təsir etməlidir ki, onu sənət əsərinə çevirəsən.
İlhamın mütləq haradansa xüsusi şəkildə gəlməsini gözləmirəm. Yağışdan sonra yerdə qalan ləkələr, köhnə binaların tökülmüş suvaqları belə mənə təsir edə bilər. Başqalarının fikir vermədiyi detallarda da gözəllik görürəm. Hesab edirəm ki, Allah mənə bu baxış bucağını verib.
– Rəssamların və digər yaradıcı insanların uzun müddət cavan qalmasını nə ilə əlaqələndirirsiniz?
– Məncə, bu, ruhun cavan qalması ilə bağlıdır. İyirmi yaşında elə gənclər var ki, ruhən qocadırlar. Ömər Eldarov isə yüz yaşında olsa da, ruhən cavandır. Mənim inancıma görə, insan bu dünyadan köçəndə o biri dünyaya 33 yaşında gedir. Allah ruhu həmişə cavan saxlayır. Biz yaradıcı insanlar — rəssamlar, şairlər, musiqiçilər — həyatın gözəlliklərindən, rənglərindən və insanın duyğularından ilham alırıq. Həyata yalnız mənfi tərəfdən baxmaq insanı yorur. Gözəlliyi görmək, yaxşı şeylərdən təsirlənmək və yaradıcılıqla məşğul olmaq isə ruhu qoruyub saxlayır.
– Düzəltdiyiniz heykəlin qiyməti necə formalaşmalıdır? Azərbaycanda sənət əsərlərinə verilən qiyməti necə dəyərləndirirsiniz?
– Mən həmişə əsərlərimi ucuz satmışam. Azərbaycanda alıcılıq qabiliyyəti və sənət əsərlərinə münasibət baxımından rəsm əsəri ilə heykəli bəzən eyni tuturlar. Halbuki bu, düzgün yanaşma deyil. Heykəlin hazırlanmasına sərf olunan əmək və xərc qat-qat çox ola bilər. Əsərin böyüdülməsi, qəlibinin hazırlanması, tunc, qranit və ya mərmərə köçürülməsi böyük istehsal prosesidir. Bu işdə təkcə heykəltaraşın deyil, bir sıra başqa mütəxəssislərin də əməyi var.
Təəssüf ki, cəmiyyətimizdə, hətta bəzi nazirlik və institutlarda belə bu məsələnin mahiyyəti tam dərk edilmir. Heykəli tablo qiymətinə almaq istəyirlər. Mən də bir çox əsərimi hədiyyə etmişəm. İndiyə qədər ən baha satdığım heykəlin qiyməti təxminən 10–12 min manat civarında olub.
Əsərin dəyəri yalnız onun görünüşü ilə ölçülməməlidir. Hazırlanma prosesi, sərf olunan əmək, material və texniki işlər də qiymətləndirmədə nəzərə alınmalıdır.
– Bu gün gənc heykəltaraşlara ümidiniz varmı? Gələcəkdə sizin nəsliniz kimi bir sənət məktəbi yarada biləcəklərmi?
– İndiki gənclər arasında birlik görmürəm. Bizim vaxtımızda Sirus Mirzəzadə, Ağəli İbrahimov, Həmzə Abdullayev, Rafael Əsədov, Nazim Rəhmanov, Namiq Dadaşov və Şərif Şərifov eyni kursun tələbələri idik. Birlikdə böyük bir “Abşeron məktəbi” yaratmışdıq.
Bir-birimizlə məsləhətləşir, əsərlərimizi göstərir, fikirlərimizi bölüşürdük. Hər kəs digərinin işindən nəsə öyrənirdi. İndiki gənclər isə, mənim müşahidəmə görə, daha çox özlərinə qapanırlar. Aralarında eqoizm, paxıllıq və qısqanclıq hiss olunur. Bəziləri əsərlərini gizlədir ki, başqası onlardan nəsə götürməsin.
Sənət inkişaf etmək üçün ünsiyyətə, fikir mübadiləsinə və qarşılıqlı dəstəyə ehtiyac duyur. Belə bir mühit olmadıqda, əvvəlki nəsillərin yaratdığı ruhda sənət məktəbinin formalaşması çətinləşir. Bununla belə, istedadlı gənclərin yetişməsi üçün əsas şərtlərdən biri onların bir-birindən öyrənməyi bacarmasıdır.
– Müasir sənət adı altında təqdim olunan bəzi qeyri-ənənəvi instalyasiyalara, məsələn, banan və ya tərəvəzlərdən hazırlanan əsərlərə münasibətiniz necədir?
– Mən belə işlərin bir hissəsini şarlatanlıq hesab edirəm. Fransız heykəltaraşının pomidor, badımcan və xiyardan ibarət heykəllərinin sərgisinə getmişdim. Baxdım və geri qayıtdım. Bu cür işləri yüksək sənət səviyyəsinə qaldıran yanaşmaları qəbul etmirəm.
Bananı divara yapışdırıb milyonlarla dollara satmaq mənə görə sənətin dəyərinin təhrif edilməsidir. Belə nümunələrdə əsərin özündən çox onun ətrafında yaradılan səs-küy ön plana çıxır.
Müasir sənətdə fərqli ifadə formalarının olması təbiidir. Ancaq mənim üçün əsas meyar əsərin sənətkarın zəhmətini, düşüncəsini və estetik baxışını nə dərəcədə əks etdirməsidir. Azərbaycanda da əsl estetik zövqün formalaşmasına və sənətə peşəkar yanaşmanın güclənməsinə ehtiyac var.
Ayhan Ağarzayev
Zeynəb Həsən
17:30 21.10.2026
Oxunuş sayı: 55