Tramp jurnalistləri Ağ Evdən uzaqlaşdırır - ABŞ-də mətbuat azadlığı boğulur?
ABŞ prezidenti Donald Trampın Ağ Evdəki jurnalistlərin fəaliyyət məkanını məhdudlaşdırmaq və Ceyms Bredi adına Brifinq Otağını yenidən qapalı üzgüçülük hovuzuna çevirmək təşəbbüsü Vaşinqton siyasi kuluarlarında və beynəlxalq mediada böyük rezonans doğurub. "The New York Times" (NYT) qəzetinin yaydığı məlumata görə, Tramp avqust ayında vəzifəsindən ayrılan keçmiş mətbuat katibi Kerolin Levittəvə digər müşavirlərinə jurnalistlərin başqa binaya köçürülməsini dəfələrlə təklif edib və bu addımı özünün "son mirası" adlandırıb. Birləşmiş Ştatlar tarixində 1933-cü ildə Prezident Franklin Ruzvelt üçün tikilmiş hovuzun üstü 1970-ci ildə Prezident Riçard Niksonun dövründə örtülərək mətbuat zalına çevrilmişdi. 50 il sonra bu prosesi əksinə dəyişmək cəhdi ilk baxışdan inzibati dəyişiklik və ya ingilis dilindəki press-pul ("pool") sözü üzərində qurulmuş söz oyunu kimi görünsə də, əslində Amerika demokratiyasının sütunlarına və konstitusion söz azadlığına yönəlmiş dərin siyasi gedişdir. Maraqlıdır Tramp nə üçün hər vəchlə jurnalistləri özündən uzaqlaşdırır? Nə üçün mətbuatın fəaliyyətini məhdudlaşdırmağa çalışır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Elçin Alıoğlu Trampın media strategiyası, Ağ Evlə jurnalistlər arasındakı məhkəmə çəkişmələri və prosesin tarixi-simvolik mənşəyi ilə bağlı danışıb:

"Demokratiyanın tənəzzülü həmişə parlamentin buraxılması, konstitusiyanın ləğvi və fövqəladə vəziyyətin elan edilməsi ilə başlamır; bəzən proses daha sadə görünən bir qərardan — hakimiyyətin ona narahat suallar verən jurnalistləri qapıdan kənarlaşdırmaq istəyindən başlayır. Trampın Ağ Evin mətbuat zalını üzgüçülük hovuzuna çevirmək təşəbbüsü də məhz bu baxımdan ciddi siyasi məna daşıyır. Tramp öz aləmində jurnalistlərlə zarafat edir, çünki dünyada prezident administrasiyasında çalışan jurnalist qrupuna "pool", üzgüçülük hovuzuna isə "swimming pool" deyilir. Lakin burada məsələ hovuz deyil, hakimiyyətin qarşısında kimin dayanacağı və narahat sualların cavabsız qalmasının hansı nəticələr doğuracağıdır".
Siyasi şərhçi bu qərarın arxasında dayanan dərin simvolizmə və Trampın sistemli kommunikasiya strategiyasına diqqət çəkib:
"Bu məsələnin tarixi simvolizmi var. 1933-cü ildə ABŞ prezidenti Teodor Ruzvelt üçün inşa edilmiş hovuzun üstü 1970-ci ildə Riçard Niksonun prezidentliyi dövründə örtüldü və jurnalistlər üçün mətbuat zalına çevrildi. Əlli il əvvəl prezidentin istirahət məkanı jurnalistlərin fəaliyyət məkanına çevrilmişdisə, indi jurnalistlərin məkanı prezidentin istirahət zonasına çevrilir. Trampın media siyasətini "şəxsi antipatiya" kimi qiymətləndirmək olmaz. Qarşımızda üç istiqamətli siyasi strategiya var: birincisi, ənənəvi medianı "fake news" və saxtakarlıqda günahlandıraraq ictimai legitimliyini sarsıtmaq; ikincisi, ənənəvi medianı kənara qoyub "X", "Truth Social" və "YouTube" vasitəsilə auditoriya ilə birbaşa əlaqə quraraq nəzarəti ələ almaq; üçüncüsü isə müstəqil jurnalistikanın institusional imkanlarını məhdudlaşdırmaqdır".
Elçin Alıoğlu Ağ Evlə media nəhəngləri arasında yaşanan hüquqi müstəvini və konstitusiya risklərini xüsusi vurğulayıb:
"Artıq bu məhdudiyyətlər məhkəmə müstəvisinə daşınıb. Ötən il AP jurnalistinin girişinin məhdudlaşdırılması, bu ilin sentyabrında isə CNN, MSNBC və Politico əməkdaşlarına qoyulan qadağalar ciddi hüquqi mübahisə yaradıb. Bu ay federal hakim Timoti Kelli media qruplarının mövqeyinə görə cəzalandırılmasını konstitusiyaya zidd sayaraq onların giriş hüququnu qoruyan ilkin qərar qəbul edib. Oktyabrın 20-də isə CNN tətbiq edilən məhdudiyyətlərin davam etməsi ilə əlaqədar yenidən məhkəməyə müraciət edəcəyini bəyan edib. Bu faktlar göstərir ki, siyasi narazılıq inzibati məhdudiyyətə çevriləndə konstitusiya problemi yaranır. Amerika demokratiyası üçün ən təhlükəli vəziyyət jurnalistlərin danışa bilməməsi deyil, danışa bildikləri halda həqiqəti soruşmaqdan çəkinmələridir. Trampın qarşısında seçim var: ya tənqidçilərini düşmən saymağa davam edəcək, ya da güclü prezidentin narahat suallardan qorxmadığını qəbul edəcək".
Zeynəb Həsən
15:30 21.10.2026
Oxunuş sayı: 42