Süd vəzi xərçəngi hansı səbəblərdən yaranır? - Onkoloq risk faktorlarını açıqladı
Bəzən insanın həyatını dəyişən ən ağır xəbər heç bir xəbərdarlıq etmədən gəlir. Gündəlik qayğıların arasında diqqətdən kənarda qalan sağlamlıq problemləri isə zamanında aşkarlanmadıqda ciddi təhlükəyə çevrilə bilər. Süd vəzi xərçəngi də məhz belə xəstəliklərdəndir: erkən mərhələdə aşkarlandıqda müalicə imkanları əhəmiyyətli dərəcədə artır, gecikmə isə mübarizəni çətinləşdirə bilər. Azərbaycanda ötən il təxminən 3 min nəfərə bu diaqnozun qoyulması problemin miqyasını bir daha gündəmə gətirir. Bu rəqəmlərin arxasında isə təkcə tibbi statistika deyil, minlərlə insanın həyatı, ailələrin narahatlığı və cavab gözləyən suallar dayanır. Bəs süd vəzi xərçənginin riskləri nələrdir, hansı əlamətlər diqqətdən kənarda qalmamalıdır və erkən müayinə həyat qurtarmaq üçün nə dərəcədə əhəmiyyətlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov bildirib ki, istər süd vəzi xərçəngi olsun, istərsə də digər xərçəng növləri həm bütün dünyada, həm də Azərbaycanda sürətlə artmaqda və getdikcə cavanlaşmaqdadır:

"Son zamanlar Azərbaycanda d xərçəng artır. Bunun əsas səbəbi qidalanma faktorudur. Təbii ki, xərçəng növlərinin bütün hallarından, istər süd vəzi olsun, istər uşaqlıq boynu xərçəngi olsun, istər digər ginekoloji xərçəng növləri olsun, birinci sırada 50%-60% qidalanma faktoru durur.
İkinci məsələ artıq tək kişilərimiz deyil, qadınlarımız da tütün məmulatlarından, alkoqoldan istifadə etməsidir. Bu da təbii ki, qadınlarımız arasında süd vəzi xərçənginin çox geniş yayılmasına gətirib çıxaran əsas amillərdən biridir.
Başqa bir digər faktor süd vəzi xərçənginin travmaların olmasıdır. Biz bilirik ki, bəzən qadınlarımız həddindən çox dar büstqalter geyinirlər. Bəzən travma nəticəsində və yaxud da yıxıldıqda üz-üstə düşdükdə təbii ki, süd vəzi zədələnə və ya çox dar büstqalter geyindikdə süd vəzi sıxıla bilər. Bu da süd vəzi xərçənginə qədər gətirib çıxaran əsas amillərdən biridir.
Başqa bir faktor süd vəzi xərçənginin genetik faktorların olmağıdır. Belə ki, əgər anada, nənədə süd vəzi xərçəngindən əziyyət çəkən varsa, təbii ki, uşaqda da süd vəzi xərçəngi olması ehtimalı çox yüksək olur".
Onkoloq qeyd edib ki, başqa bir məsələ süd vəzi xərçənginin stres faktorlarının olmasıdır: "Son zamanlar qadınlarımız arasında da artıq çəkidən əziyyət çəkənlər çoxalıb. Təbii ki, artıq çəkinin olmağı da süd vəzi xərçənginin yaranmasına gətirib çıxaran əsas amillərdən biri hesab olunur. Digər bir faktor isə odur ki, qadınlarımız karyera düşündüyü üçün gec evlənməyə üstünlük verirlər. Təbii ki, ana olmaq üçün də ən yaxşı yaş 20-25 yaş arası götürülür. Amma çox təəssüf ki, son zamanlar bizim qadınlarımız daha yuxarı yaşlarda evlənirlər. Bu da təbii ki, hormonal balansın pozulmasına və süd vəzi xərçənginin yaranmasına gətirib çıxaran əsas amillərdən biri hesab olunur. Başqa faktor isə bəzən gənc qızlarımızın ana olduqdan sonra uşağını südlə qidalandırmamasıdır.Bu da təbii ki, süd vəzi xərçənginə gətirib çıxara əsas səbəblərdən biri hesab olunur. Artıq ən çox süd vəzi xərçənginə inkişaf etmiş ölkələrdə rast gəlinir. Nə üçün? Çünki inkişaf etmiş ölkələrdə qadınlar ya ailə həyatı qurmurlar ya da ki, ərə getdikdən sonra ya uşaq doğmurlar.Ona görə də süd vəzi xərçənginə inkişaf etmiş ölkələrdə daha çox rast gəlinir. Amma son zamanlar artıq bu tendensiya bizim ölkəmizdə də təəssüflər olsun ki, çox geniş yayılmaqdadır. Həm gənc qızlarımızın gec yaşda ailə qurması, uşaq sayının az olması və təbii ki, bir faktor da bəzən qadınlarımız süd vəzi forması pozular deyə uşaq doğulduqdan sonra südlə qidalandırmamasıdır. Amma bu çox yanlış bir fikirdir.
Çünki mütləq surətdə bu, həm ananın həm də uşağın sağlamlığı üçün vacibdir. Mütləq surətdə ən azı uşaq doğulduqdan 6 ay, 1 il müddətinə qədər uşağı südlə qidalandırmaq tövsiyə olunur".
Nuray Oqtayqızı
14:45 21.10.2026
Oxunuş sayı: 144