Mikroçiplər uğrunda qlobal savaş: ABŞ 1,5 milyard dollarla hansı üstünlüyü hədəfləyir?
Mikroçiplər bu gün təkcə texnologiya sənayesinin deyil, həm də dövlətlərin iqtisadi və hərbi gücünün əsas elementlərindən birinə çevrilib. ABŞ-nin isə bu sahədə xarici istehsaldan asılılığını azaltmaq və öz istehsal imkanlarını genişləndirmək istiqamətində yeni addım atır. ABŞ Prezidenti Donald Trampın açıqlamasına görə, Pentaqon Şimali Karolinada qabaqcıl yarımkeçirici çiplərin istehsalına 1,5 milyard dollar sərmayə yatıracaq. Bu qərar ölkənin mikroçip istehsalını gücləndirmək və strateji əhəmiyyət daşıyan texnologiyalar sahəsində mövqeyini möhkəmləndirmək planlarının tərkib hissəsi kimi diqqət çəkir. ABŞ-nin Pentaqon vasitəsilə mikroçip istehsalına 1,5 milyard dollar ayırması ölkənin texnoloji strategiyasında hansı məqsədlərə xidmət edir? Bu addım daha çox hərbi təhlükəsizlik, yoxsa qlobal bazarda rəqabətlə bağlıdır?Mikroçip istehsalı sahəsində ABŞ-nin əsas rəqibləri kimlərdir və hazırda bu rəqabətdə hansı ölkələr daha güclü mövqeyə malikdir?
Mövzu ilə bağlı Crossmedia.az- a açıqlama verən Politoloq Azad Məsiyev bildirib ki, dünyada superdövlətlər öz nüfuz dairələrini genişləndirmək və təsir imkanlarını saxlamaq üçün texnoloji prosesi inkişaf etdirməkdə maraqlıdırlar:
"Dünya texnologiyasının inkişafı müxtəlif sahələrdə özünü göstərməkdədir. Bu texnologiya həm hərbi, həm iqtisadi sahədə özünü göstərir. Həm də süni intellektin inkişafı üçün yeni texnologiyaların yaradılması vacib məsələdir. Xüsusilə də dünya siyasəti güc faktoru ilə tənzimləndiyinə görə dünyada yeni hərbi sahədə, yeni hərbi silahların, yeni müasir silahların yeniləşməsi üçün mütləq şəkildə texnologiyaların təkmilləşməsi vacibdir. Bu texnologiyaların əsası isə mikroçiplər üzərində həyata keçirilir. Mikroçiplər istər elektronika sahəsində, istərsə də digər sahələrdə yeni texnikaların, yeni qurğuların yaradılması üçün vacibdir.
Və bu baxımdan dünya dövlətlərində, xüsusilə də superdövlətlər arasında bir rəqabət gedir. Rəqabət isə əsasən Amerika və Çin üzərində gedir. Xatırlatmaq yerinə düşər ki, dünyanın ən çox mikroçip istehsal olunan ölkələrindən biri Tayvandır. Və Tayvan dünyanın ən aparıcı müasir mikroçiplər istehsal edir. Hansı ki, bugün Tayvan üzərində də bir mübarizə gedir.
ABŞ ilə Çin arasında Tayvan üzərində bir mübarizə var. Birləşmiş Ştatlar Tayvanı öz təsirində salmaq istəyir və silahlandırmaqdadır. Çin isə həmin Tayvanı öz ərazisi kimi görür. Dünyanın ən müasir çipləri Tayvanda istehsal olunur.
Və bu baxımdan dünyanın bir çox dövlətlərində, xüsusilə də müasir silahların istehsalında, yeni iqtisadi sahədə, elektronika sahəsində, süni intellektin inkişafı üçün bu mikroçiplər vacib məsələdir. Mikroçiplərin təkmilləşməsi üçün milyardlarla vəsaitlər xərclənir. Bu texnologiya sürətlə inkişaf etməlidir və mikroçiplərin yeni müasir formaları meydana gəlməlidir ki, dünyada hərbi sahədə, istərsə də digər sahələrdə yenilik yaratsınlar.
Bundan başqa, mikroçiplər vasitəsilə də kosmik sənayenin inkişafı üçün kosmosda da bundan maksimum istifadə olunur. Bu baxımdan gələcək həyatımız mikroçiplərin müasirləşməsinə bağlıdır. Çünki artıq süni intellekt müxtəlif sahələrdə özünü göstərir. İstər dövlət strukturlarında, istərsə də qeyri-dövlət strukturlarında, o cümlədən də hərbi və mülki sahədə bu süni intellektin tətbiqi prosesi sürətlənməkdədir. Super süni intellektin inkişafı üçün mütləq şəkildə mikroçiplər xüsusi önəm daşıyır. Və bu baxımdan ayrı-ayrı dövlətlər öz texnologiyasında mikroçiplərin yeni nəslinin formalaşdırılması üçün büdcədən xüsusi vəsaitlər ayırır. Və vəsait ayıran dövlətlərdən biri də Amerika və Çindir. Rusiya, Yaponiya və bəzi Avropa dövlətlərində də bu proseslər gedir. Amma buna baxmayaraq əsas rəqabət Birləşmiş Ştatlar və Çin arasında rəqabət sürətlə sürətlənməkdədir. Çünki hərbi sənayenin aparıcı silahlarından biri drondur. Dronların da komponentləri mikroçiplər üzərində həyata keçirilir. Mikroçiplər vasitəsilə yeni texnologiya, yeni dronların hazırlanması hərbi sənayenin inkişafı üçün vacib məsələdir.
Ona görə də istər hərbi sahədə, istər mülki sahədə texnoloji prosesi sürətləndirmək üçün mikroçiplərin təkmilləşməsinə ehtiyac var. Buna da böyük vəsaitlər ayrılmaqdadır".
İKT mütəxəssisi Saməddin Qədimov isə açıqlamasında bildirib ki, ABŞ-nin Pentaqon vasitəsilə mikroçip istehsalına 1,5 milyard dollar həcmində maliyyə dəstəyi ayırması, ilk növbədə milli təhlükəsizlik və texnoloji müstəqillik strategiyasının bir hissəsidir: “Müasir hərbi texnologiyalar, radar sistemləri, pilotsuz uçuş aparatları, rabitə infrastrukturu və süni intellekt həlləri yarımkeçiricilərdən birbaşa asılıdır. ABŞ-nin bu sahədə xarici istehsalçılardan asılılığı azaltmaqla həm kritik texnologiyaların təchizat təhlükəsizliyini təmin etməyə, həm də mümkün geosiyasi böhranların təsirini minimuma endirməyə çalışır.
Digər tərəfdən, bu addımı yalnız hərbi təhlükəsizlik baxımından qiymətləndirmək düzgün olmazdı. Burada ciddi iqtisadi və texnoloji rəqabət də mövcuddur. Xüsusilə Çin yarımkeçirici sənayesinə böyük investisiyalar yatıraraq ABŞ-dən texnoloji asılılığını azaltmağa çalışır. Tayvan isə TSMC şirkəti vasitəsilə dünyanın ən qabaqcıl mikroçiplərinin istehsalında lider mövqedədir. Cənubi Koreya Samsung və SK Hynix kimi şirkətlərlə, Yaponiya isə yarımkeçirici materialları və istehsal avadanlıqları sahəsində güclü mövqeyə malikdir".
Ekspert qeyd edib ki, mikroçiplər artıq sadəcə elektron komponent deyil, dövlətlərin iqtisadi və hərbi gücünü müəyyən edən strateji resurslardan birinə çevrilib: “ABŞ-nin çip dizaynı və yüksək texnologiyalar sahəsində güclü olsa da, ən qabaqcıl çiplərin istehsalında Asiyadan ciddi asılılığı mövcuddur. Buna görə də bu investisiyanın əsas məqsədi təkcə istehsalı artırmaq deyil, uzunmüddətli perspektivdə strateji təchizat zəncirinə nəzarəti gücləndirmək və texnoloji üstünlüyü qorumaqdır".
Nuray Oqtayqızı
18:50 21.10.2026
Oxunuş sayı: 82