ABŞ-nin Kubaya hərbi müdaxiləsi gözlənilir
ABŞ ilə Kuba arasında uzun illərdir davam edən siyasi gərginlik son aylarda daha da artıb. Vaşinqtonun Havanaya qarşı təzyiq siyasətini sərtləşdirdiyi, kəşfiyyat fəaliyyətini genişləndirdiyi və müxtəlif təsir mexanizmlərini işə saldığı iddia olunur. Bu məlumatlar mümkün ssenarilər və iki ölkə arasında münasibətlərin gələcək istiqaməti ilə bağlı yeni müzakirələrə səbəb olub. Bu fonda ABŞ-nin Kubaya münasibətdə atdığı son addımlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Siyasi şərhçi Abutalıb Səmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ ilə Kuba arasında davam edən gərginliyin əsas səbəblərindən biri uzun illərdir davam edən siyasi fikir ayrılıqlarıdır. Həmsöhbətimiz hesab edir ki, Vaşinqton yaxın perspektivdə Kubaya qarşı təzyiqləri daha da artıra bilər:
"Kuba sosialist ölkəsidir və uzun illərdir orada demokratik seçkilər keçirilmir. Bu da Amerika Birləşmiş Ştatlarını qane etmir. Prezident Trampın Venesueladan sonra Kubaya diqqəti artırmaq və orada rejim dəyişikliyinə nail olmaq istəyi sirr deyil. Hazırda İranla bağlı proseslər buna mane olur. Lakin həmin mərhələ başa çatdıqdan sonra Kubaya qarşı daha sərt addımların atılacağını istisna etmirəm".
Həmsöhbətimizin sözlərinə görə, ABŞ-in tətbiq etdiyi təzyiqlər artıq Kubanın sosial-iqtisadi vəziyyətinə təsir göstərir:
"Venesueladan Kubaya neft və neft məhsullarının tədarükünün qarşısının alınması ölkədə ciddi böhran yaradıb. Xüsusilə elektrik enerjisi ilə təminatda vəziyyət ağırdır. Məqsəd əhalinin narazılığını artırmaq və hakimiyyətə qarşı təzyiq formalaşdırmaqdır".
Ekspert hesab edir ki, gələcəkdə Vaşinqtonun siyasəti daha da sərtləşə bilər:
"İranla bağlı proseslər başa çatdıqdan sonra ABŞ-in Kubaya qarşı daha ağır təzyiqlər göstərəcəyi ehtimalı yüksəkdir. Hətta hərbi müdaxilə variantını da tam istisna etmirəm. Belə addımlar regionda gərginliyi daha da artıracaq".
Nigar Xəlilli
19:00 06.08.2026
Oxunuş sayı: 52