Zəngəzur dəhlizi ən qısa müddətdə açılacaq - Rəy
Avqustun 1-8 tarixlərində Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, eləcə də regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində keçirilən intensiv görüşlər Zəngəzur dəhlizinin realizasiyası məsələsini yenidən diqqət mərkəzinə gətirib. Cənubi Qafqazda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın əsas şərtlərindən sayılan bu dəhlizin açılması istiqamətində praktik addımların atıldığı müşahidə olunur.

Layihənin icra vəziyyəti, tərəflərin maraqları və gözləntilər barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib.
Deputat bildirib ki, hazırda ən vacib məsələlərdən biri Zəngəzur dəhlizinin ən qısa zamanda istifadəyə verilməsidir:
"Bu dəhlizin açılması həm Azərbaycan, həm də Ermənistan üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Ona görə də prosesin sürətləndirilməsinə ciddi ehtiyac var və işlərin qısa müddətdə operativ şəkildə həyata keçirilməsi zəruridir. Bu mənada 8 avqustda keçirilən görüşlər və aparılan müzakirələr real nəticələrin əldə olunmasına münbit şərait yaratdı. Atılan addımların artıq kağız üzərində deyil, birbaşa praktik xarakter daşıdığı aydın görünür".
C.Məmmədov vurğulayıb ki, layihənin reallaşması üçün hər iki tərəfdən siyasi iradə mövcuddur və növbəti addımlar Ermənistandan asılıdır:
"Müşahidələr göstərir ki, həm Azərbaycan, həm də Ermənistan bu məsələnin həllində maraqlıdır. Biz inanırıq ki, Zəngəzur dəhlizi ən qısa zamanda açılacaq, yüklərin daşınması və insanların gediş-gəlişi prosesi başlayacaq. Azərbaycan bu layihənin reallaşması üçün öz üzərinə düşən bütün zəruri tədbirləri görür. Hazırda prosesin növbəti mərhələsi daha çox Ermənistanın mövqeyindən asılıdır. Hesab edirəm ki, Nikol Paşinyan hökuməti də məsələdə maraqlıdır və prosesin uğurla yekunlaşması üçün addımlar atır. Ümumilikdə, layihənin həyata keçirilməsi üçün lazımi siyasi iradə, istək, qətiyyət və prinsipial mövqe var. Ümid edirik ki, yaxın zamanda bu tarixi layihənin uğurla reallaşmasının şahidi olacağıq".
Fatimə Cabbarlı
13:00 06.08.2026
Oxunuş sayı: 58