Bakı ilə Tehran arasında yeni gərginlik: İran AzTV-ni hədəfə aldı
İranın Azərbaycan Televiziyasını (AzTV) "düşmən media qurumu" elan etməsi və bu media orqanı ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi Bakı ilə Tehran arasında media cəbhəsində gərginliyi daha da artırıb. Qarşılıqlı qərarlar iki ölkə arasında informasiya müstəvisində yeni qarşıdurma müzakirələrini gündəmə gətirib.
Rəsmi Bakı buna gecikmədən cavab verərək qarşılıqlılıq prinsipini işə salıb. MEDİA İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin Azərbaycandakı fəaliyyətini qanunsuz elan edib.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, İranın mövcud siyasi xətti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi narahatlıq doğurur:

"İranın siyasəti insanlığa qarşı yönəlmiş siyasətdir. Bu teokratik rejim təkcə öz xalqına təzyiq göstərmir, eyni zamanda beynəlxalq müstəvidə də aqressiv və qarşıdurmaya əsaslanan yanaşma nümayiş etdirir".
A.Mollazadə bildirib ki, İranın media siyasəti də müstəqil informasiya prinsiplərinə uyğun deyil:
"İranda media azad fəaliyyət göstərən institut kimi deyil, daha çox hakim ideologiyanın təbliği üçün istifadə olunur. Bu platformalarda obyektiv informasiya deyil, rejimin siyasi baxışları və ideoloji mövqeyi ön plana çıxarılır".
Deputat hesab edir ki, bu səbəbdən İranın siyasəti beynəlxalq aləmdə geniş dəstək qazanmır:
"Düşünürəm ki, beynəlxalq ictimaiyyət bu sistemi və onun fəaliyyətini kifayət qədər yaxşı tanıyır. Məhz buna görə də İranın həyata keçirdiyi siyasət dünyanın bir çox ölkəsində ciddi tənqid olunur".
A.Mollazadə vurğulayıb ki, Azərbaycan öz milli maraqlarını qorumaq üçün kifayət qədər imkanlara malikdir:
"Azərbaycan müstəqil dövlətdir və milli maraqlarına qarşı yönələn istənilən addıma zəruri hallarda adekvat və qətiyyətli cavab vermək gücünə malikdir".
Mətbuat Şurasının idarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli açıqlamasında bildirib ki, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AzTV) "düşmən media qurumu" elan etməsinin nə hüquqi əsası, nə də məntiqi izahı var:

"Azərbaycan Dövlət Televiziyası obyektiv və qərəzsiz informasiya yayan, analitik materiallar hazırlayan media qurumudur. O, İranla bağlı xəbərləri də hər zaman obyektiv şəkildə işıqlandırmağa üstünlük verib. Hətta İranın səsinin dünyanın müxtəlif ölkələrində məhdudlaşdırıldığı dövrlərdə belə, Azərbaycan Televiziyası balanslı informasiya yayaraq İranın mövqeyinin çatdırılmasına imkan yaradıb".
Ekspert qeyd edib ki, İranın bu addımı Azərbaycan Televiziyasına qarşı nümayiş etdirilən əsassız və məntiqsiz münasibətin göstəricisidir:
"Bu qərar söz və ifadə azadlığına, eləcə də beynəlxalq media standartlarına ziddir. Hər hansı media qurumunun fəaliyyəti ilə razılaşmayan tərəf buna qadağalarla deyil, faktlar və əks arqumentlərlə cavab verməlidir".
M.Ələsgərli vurğulayıb ki, İranın bu cür qeyri-standart üsullara əl atması onun ictimaiyyətdən gizlətmək istədiyi məqamların olduğunu göstərir:
"Əgər İran media qurumlarını bloklamaq yolunu seçirsə, bu, həqiqətin yayılmasından narahat olduğunu göstərir. Belə yanaşma media azadlığı ilə uzlaşmır".
Ekspert diqqətə çatdırıb ki, İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən, dövlət tərəfindən maliyyələşdirilən və dezinformasiya yayan çoxsaylı media subyektləri fəaliyyət göstərir:
"Uzun illərdir həmin media qurumları Azərbaycana qarşı informasiya müharibəsi aparır, dezinformasiyalar yayırlar. Buna baxmayaraq, Azərbaycan onları bloklamayıb və onlarla əməkdaşlıq edən şəxslərə qarşı hər hansı cəza tədbiri tətbiq etməyib".
O bildirib ki, İranın son addımları fonunda Azərbaycanın analoji tədbirlər görməsi qaçılmaz idi:
"Bu gün Azərbaycan Media İnkişafı Agentliyi İranın haqsız addımlarına cavab olaraq analoji qərar qəbul etdi. İranın bəzi media qurumlarının, o cümlədən 'Səhər' kanalının Azərbaycan ərazisində yayımının məhdudlaşdırılması, həmçinin onlarla əməkdaşlıq edən şəxslərlə bağlı məsuliyyət tədbirlərinin nəzərdə tutulması bu addımların nəticəsidir".
Ekspert əlavə edib ki, İranın bu qərarları media hüququna, peşə prinsiplərinə və qonşuluq münasibətlərinə ziddir:
"İranın bu hərəkətləri media hüququna, media prinsiplərinə və qonşuluq münasibətlərinə ziddir. Bu cür addımların mənfi nəticələri sonda İranın özü üçün daha ağır olacaq".
Nigar Xəlilli
20:55 27.07.2026
Oxunuş sayı: 78