YAP-da yeni islahatlar nələri dəyişəcək?
Hakim Yeni Azərbaycan Partiyasında (YAP) bu ilin payızında qurultayın keçiriləcəyi və struktur-kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı səslənən iddialar siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bildirilir ki, qarşıdakı mərhələdə partiyanın yeni inkişaf strategiyasının elan olunması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və kadr siyasətində yeniliklərin tətbiqi istisna edilmir. Hələlik bununla bağlı rəsmi açıqlama verilməsə də, mümkün dəyişikliklər həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında maraqla izlənilir. Bəs YAP-da gözlənilən islahatlar hansı zərurətdən irəli gəlir? Struktur və kadr dəyişiklikləri ölkənin siyasi-idarəetmə sisteminə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan siyasi şərhçi Pərviz Mirizadə bildirib: "Mayası Ulu Öndər Heydər Əliyevin ideyaları, siyasi baxışı və strateji kursu ilə yoğrulan Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi beyin mərkəzi kimi kifayət qədər institusionallaşmış sistemə və idarəetmə mexanizminə sahibdir. Davamlı xarakter daşıyan təşəbbüslər, digər ölkələrin aparıcı siyasi partiyaları, eyni zamanda siyasi beyin mərkəzləri ilə qurulan əlaqələr və genişmiqyaslı əməkdaşlıq şəbəkəsi YAP-ın gücünü əyani şəkildə göstərən əsas meyarlardan biridir. Lakin yenilənmənin hər dövr üçün aktual proses olduğunu nəzərə alaraq, qlobal müstəvidə baş verən dəyişiklikləri, yeni mexanizm və metodları, müasir çağırışlara çevik reaksiya vermək zərurətini göz önünə gətirdikdə yeni islahatların həyata keçirilməsi vacib məsələ kimi önə çıxır. Bu səbəbdən hakim Yeni Azərbaycan Partiyasında bu ilin payızında qurultayın keçirilməsinin planlaşdırılması və eyni zamanda kadr dəyişikliklərinə gediləcəyi ilə bağlı yayılan xəbərlər tamamilə təbii haldır".
O, bildirib ki, Yeni Azərbaycan Partiyasında yeni nəsil nümayəndələrinin siyasi proseslərə fəal şəkildə cəlb edilməsi, idarəetmə təcrübəsi olan şəxslərlə yanaşı yeni simaların önə çəkilməsi artıq ənənə halını almış metoddu: " Bu kontekstdə struktur fəaliyyətinin optimallaşdırılması tamamilə real siyasi ssenarilər sırasındadır. Lakin gözlənilən dəyişikliklərin hansı miqyasda olacağı yalnız irəliləyən zamanda və rəsmi qərarlarda daha dəqiq məlum olacaq. İstənilən halda, hakim siyasi partiyanın siyasi sistemdəki çəkisini nəzərə aldıqda gözlənilən dəyişikliklər ölkənin ümumi idarəçilik sisteminə təsir edə biləcək proses kimi qiymətləndirilməlidir".
Zeynəb Həsən
15:30 25.07.2026
Oxunuş sayı: 55