Telegram-ın yeni kriptocüzdanı: Risk xəbərdarlığı
Telegram-ın təsisçisi Pavel Durovun platformada qeyri-kastodial kriptocüzdan xidmətinin istifadəyə veriləcəyini açıqlaması rəqəmsal maliyyə bazarında geniş müzakirələrə səbəb olub. Bildirilir ki, yeni sistem vasitəsilə istifadəçilər rəqəmsal aktivlərini birbaşa idarə edə, əməliyyatları isə ani və komissiyasız həyata keçirə biləcəklər. Bununla belə, mütəxəssislər kriptovalyuta bazarının yüksək risk daşıdığını və bu sahəyə yatırım edərkən ehtiyatlı olmağın vacibliyini bildirirlər. Son illər minlərlə kriptovalyutanın yaranması və qısa müddət sonra bazardan silinməsi bu risklərin nə qədər ciddi olduğunu göstərir. Bəs Telegram-ın bu addımı kriptovalyutalara marağı artıracaqmı? Yeni xidmət istifadəçilər üçün hansı imkanları və riskləri yaradacaq?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan ReAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, kriptovalyutalar ən riskli və ən təhlükəli sahədir: "İndiyədək on minlərlə kriptovalyuta yaranıb və sonradan sıradan çıxıb. İndi Durov da öz platforması vasitəsilə belə əməliyyatların həyata keçirilməsinə imkan yaradıb. Yəqin ki, istifadəçilərin sayı artacaq. Amma bu, dayanıqlı investisiya vasitəsi deyil. Mənim kriptovalyutalara münasibətim əvvəldən də çox şübhəli olub. Bu bazar həddindən artıq spekulyativdir, aktivlər çox tez dəyər itirir və eyni zamanda sürətlə dəyər qazanır. Müəyyən insanlar bu sahə ilə peşəkar şəkildə məşğul olaraq pul qazana bilərlər. Amma investisiya aləti kimi kriptovalyutalar həddindən artıq risklidir."
Zeynəb Həsən
17:30 23.07.2026
Oxunuş sayı: 60