Təhlükə var: Deepfake materialları aşkarlayan sistemlər gücləndirilməlidir
Süni intellekt vasitəsilə foto, video və səslərin saxtalaşdırılması, yəni deepfake texnologiyası son illərdə kibercinayətkarların ən çox istifadə etdiyi vasitələrdən birinə çevrilib. Artıq əvvəllər xüsusi proqramlaşdırma bilikləri və güclü kompüterlər tələb edən saxta məzmunların hazırlanması bu gün adi smartfon və bir neçə tətbiq vasitəsilə qısa zamanda mümkün olur.

Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Crossmedia.az-a bildirib ki, səs klonlaşdırmaq üçün cəmi bir neçə saniyəlik səs yazısı, foto və ya video manipulyasiyası üçün isə sosial şəbəkədən götürülmüş bir şəkil kifayət edir: “Bakıda baş verən son hadisə də süni intellekt alətlərinin geniş əlçatan olmasının cinayətkarların fəaliyyətini xeyli asanlaşdırdığını göstərir.Deepfake materiallar getdikcə daha real görünsə də, diqqətli baxış zamanı qeyri-təbii göz qırpması, üz cizgilərində bulanıqlıq, işıq və kölgə uyğunsuzluğu, dodaqla səsin sinxronlaşmaması kimi əlamətlərlə saxtakarlığı müəyyən etmək mümkündür”.
Ekspert qeyd edib ki, səs yazılarında isə emosional tonun, nəfəs fasilələrinin və təbii danışıq ritminin olmaması əsas göstəricilərdən hesab olunur:
“Belə hallarla mübarizə yalnız texniki vasitələrlə mümkün deyil. Platformalarda deepfake materialları aşkarlayan sistemlər gücləndirilməli, rəqəmsal su nişanlarından istifadə genişləndirilməli, eyni zamanda vətəndaşlar arasında rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirmə artırılmalıdır. Süni intellektdən istifadə etməklə şantaj və kibercinayət törədən şəxslərə qarşı hüquqi məsuliyyət də daha da sərtləşdirilməlidir”.
Hüquqşünas Mehman Muradlı isə bildirib ki, bu cür hallarda ilk növbədə zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına müraciət etməlidir: "Zərərərçəkmişin rəsmi şikayəti olmadan belə faktlar üzrə cinayət araşdırmasının aparılması və cinayət işinin başlanması mümkün deyil. Bu məsələ Cinayət-Prosessual Məcəlləsində də nəzərdə tutulub və hüquqi proses yalnız zərərçəkmişin müraciətindən sonra başladılır”.
Zeynəb Həsən
14:00 20.07.2026
Oxunuş sayı: 63