Qazaxıstanda tibbdə süni intellekt: yeni texnologiyalar həkimlərə necə kömək edir?
Qazaxıstanda səhiyyə sistemi son illərdə rəqəmsal texnologiyaların tətbiqi istiqamətində mühüm mərhələyə qədəm qoyub. Süni intellekt artıq yalnız gələcəyin texnologiyası kimi deyil, həkimlərin gündəlik işini asanlaşdıran, diaqnostikanı sürətləndirən və tibbi xidmətin keyfiyyətini artıran praktiki vasitə kimi istifadə olunur.
Qazaxıstanın Astana şəhərindəki dövlət xəstəxanalarından birində terapevt kimi çalışan Janar Temirxan qızı Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellekt həkimi əvəz etmir, əksinə onun imkanlarını genişləndirir.

Onun sözlərinə görə, müasir həkim çox böyük həcmdə informasiya ilə işləyir: analiz nəticələri, müayinələr, xəstəlik tarixçəsi, xroniki xəstəliklər və pasiyentin şikayətləri vahid şəkildə qiymətləndirilməlidir.
“Bu qədər məlumatın sistemləşdirilməsi, risklərin daha tez görünməsi və həkimin diqqətinin vacib məqamlara yönəldilməsi baxımından süni intellekt faydalı vasitədir. Lakin yekun qərar hər zaman həkimin peşəkar rəyinə əsaslanmalıdır”, – deyə Janar Temirxan qızı qeyd edib.
O bildirib ki, Qazaxıstanda süni intellekt daha çox tibbi görüntülərin təhlili, insultun erkən diaqnostikası, onkoloji və ürək-damar xəstəliklərinin müəyyənləşdirilməsi, həmçinin laborator və instrumental məlumatların emalı sahələrində tətbiq olunur.
“İnsult zamanı hər dəqiqə mühüm əhəmiyyət daşıyır. Əgər rəqəmsal sistem həkimə görüntüdəki dəyişiklikləri daha tez müəyyən etməyə kömək edirsə, qərarvermə prosesi də sürətlənir. Onkologiyada isə erkən diaqnostika həyati əhəmiyyət daşıyır. Bu baxımdan süni intellekt sadəcə dəbli texnologiya deyil, tibbi xidmətin keyfiyyətini yüksəldən mühüm alətdir”, – deyə terapevt vurğulayıb.
Qazaxıstanda bu sahənin inkişafı üçün artıq ciddi rəqəmsal baza formalaşdırılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, vahid rəqəmsal sistemdə 21,3 min tibb təşkilatı, 275 min tibb işçisi və 141 mindən çox tibbi texnika vahidi haqqında məlumat toplanıb. Bundan başqa, 6,8 milyon uşaq və 4,8 milyon qadın rəqəmsal sağlamlıq profilləri ilə əhatə olunub, 3,6 milyon pasiyent isə dinamik rəqəmsal müşahidə sisteminə daxil edilib.
Süni intellektin praktik tətbiqinə nümunə olaraq ALIMA adlı həkim AI-assistentini göstərmək olar. Bu sistemdən 700-dən çox tibb təşkilatında təxminən 9 min həkim istifadə edir. ALIMA həkimin iş vaxtını 20 faizə qədər optimallaşdırmağa imkan verir. İnsult diaqnostikasında tətbiq edilən Cerebra sistemi isə artıq 10 insult mərkəzində istifadə olunur və təxminən 7,6 min pasiyenti əhatə edib. Bundan başqa, onkoloji diaqnostikada WDSoft, stomatologiyada isə Aidentis kimi rəqəmsal həllər inkişaf etdirilir. Aidentis rentgen görüntülərinin təhlil müddətini bir saatdan bir dəqiqəyə qədər azalda bilir.
Janar Temirxan qızının sözlərinə görə, bu texnologiyalar xüsusilə regionlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bəzi bölgələrdə dar ixtisaslı həkimlərə çıxış məhdud ola bilir.
“Böyük şəhərlərdə rəqəmsal həllər həkimin işini sürətləndirir, regionlarda isə tibbi xidmətə əlçatanlığı artırır. Əsas məsələ odur ki, süni intellekt həkim nəzarəti altında, məlumat təhlükəsizliyi və tibbi etika prinsiplərinə uyğun şəkildə tətbiq olunsun”, – deyə o bildirib.
Qazaxıstan hökumətinin planlarına əsasən, 2028-ci ilə qədər tibbi xidmətlərin keyfiyyəti və həcminin monitorinqi ilə bağlı halların ən azı 20 faizinin süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulur.
Janar Temirxan qızı hesab edir ki, gələcəyin səhiyyəsi həkimlə texnologiya arasında rəqabətə deyil, onların ağıllı və məsuliyyətli əməkdaşlığına əsaslanacaq.
“Süni intellekt gündəlik analitik işlərin bir hissəsini öz üzərinə götürə bilər. Bu isə həkimə pasiyentlə daha çox ünsiyyət qurmaq, profilaktikaya diqqət yetirmək və düzgün müalicə taktikasını seçmək üçün əlavə imkan yaradır”, – deyə terapevt fikrini tamamlayıb.
11:30 07.07.2026
Oxunuş sayı: 104