Kriptovalyuta bazarının fəaliyyətini tənzimləyən hüquqi baza formalaşır
Azərbaycanda kriptovalyuta və digər virtual aktivlərin hüquqi tənzimlənməsi istiqamətində mühüm addım atılır. Mərkəzi Bankın hazırladığı qanun layihəsinin 2026-cı ilin sonunadək qəbul ediləcəyi gözlənilir. Sənəd qəbul olunarsa, ölkədə ilk dəfə olaraq kriptovalyuta bazarının fəaliyyətini tənzimləyən hüquqi baza formalaşacaq, bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlər üçün lisenziya sistemi tətbiq ediləcək və bazara dövlət nəzarəti gücləndiriləcək.
Mərkəzi Bankın məlumatına görə, yeni qanun layihəsi həm virtual aktivlər bazarında şəffaflığın və təhlükəsizliyin artırılmasını, həm də investorların hüquqlarının qorunmasını hədəfləyir. Eyni zamanda, sənəddə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı ciddi tələblər də öz əksini tapacaq.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov bu barədə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda kriptoaktivlər haqqında ayrıca qanun layihəsinin hazırlanması bu bazarın hüquqi çərçivəyə salınması istiqamətində mühüm addım hesab oluna bilər: " Burada əsas məsələ kriptovalyutanın “leqallaşdırılması” deyil. Çünki bu sahə indiyədək hüquqi baxımdan tam tənzimlənməyib və müəyyən mənada “boz zona” kimi fəaliyyət göstərib. Əsas dəyişiklik ondan ibarətdir ki, kriptoaktiv xidməti ilk dəfə sistemli şəkildə tənzimlənəcək və bazar iştirakçıları üçün vahid hüquqi qaydalar müəyyən ediləcək. Qanun layihəsində kriptoaktiv xidməti göstərən şirkətlərin lisenziyalaşdırılması və Mərkəzi Bankın nəzarəti altında fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu yanaşma investorların hüquqlarının qorunmasına, bazarda şəffaflığın artırılmasına və çirkli pulların yuyulması kimi maliyyə risklərinin azaldılmasına xidmət edir".
Ş.Kərimov bildirib ki, dünyanın əksər ölkələrində də kriptoaktivlərə münasibət artıq qadağalar üzərindən deyil, tənzimləmə və nəzarət mexanizmləri üzərindən formalaşır: "Hüquqi çərçivənin formalaşması həm yerli, həm də xarici investorlar üçün daha proqnozlaşdırılan mühit yarada bilər. Eyni zamanda bazarda fəaliyyət göstərən şirkətlər üçün hesabatlılıq və maliyyə intizamı tələbləri də güclənəcək. Bu isə uzunmüddətli perspektivdə daha sağlam və dayanıqlı kriptoekosistemin formalaşmasına şərait yarada bilər. Bu prosesin vergi və maliyyə şəffaflığı baxımından da əhəmiyyəti var. Gələcəkdə kriptoaktivlərdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi, əməliyyatların hesabatlılığı və beynəlxalq məlumat mübadiləsi mexanizmlərinə inteqrasiya bu sahədə daha aydın qaydaların formalaşmasını zəruri edir. Bununla yanaşı, tənzimləmə bazarın inkişafını ləngitməməlidir. Əgər lisenziyalaşdırma və nəzarət mexanizmləri həddindən artıq sərt tətbiq olunarsa, bu, innovativ şirkətlərin və investorların başqa yurisdiksiyalara yönəlməsinə səbəb ola bilər. Ona görə də əsas məqsəd maliyyə təhlükəsizliyi ilə innovasiya arasında düzgün balansın qorunması olmalıdır. Hesab edirəm ki, bu qanun layihəsinin uğuru onun qəbul edilməsindən deyil, praktik tətbiqindən asılı olacaq".
Fatimə Məmmədova
11:11 04.07.2026
Oxunuş sayı: 109