Türk dünyası ortaq təhdidlərə qarşı birləşir
Müasir dünyanın qlobal çağırışları və sürətlə dəyişən geosiyasi reallıqları qarşılıqlı etimada əsaslanan möhkəm tərəfdaşlıqları zəruri edir. Bu gün coğrafi sərhədləri aşaraq qədim tarix, ortaq mədəniyyət və sarsılmaz mənəvi bağlarla bir-birinə bağlanan Türk dünyası, məhz belə bir zərurətin fonunda yeni bir intibah dövrünü yaşayır. Azərbaycanın bu strateji birliyə verdiyi xüsusi önəm, sadəcə siyasi və iqtisadi sahələri deyil, xalqlarımızın gələcək mənəvi sütunlarını formalaşdıran din və təhsil kimi fundamental platformaları da əhatə edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə Crossmedia.az-a açıqlama verib: "Birinci növbədə qeyd etmək lazımdır ki, bu gün ortaq risklərə qarşı, ümumiyyətlə, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi çox vacibdir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bu məsələlərə xüsusi diqqətlə yanaşır. Deyə bilərik ki, eyni zamanda Türk dünyasının qarşısında duran mühüm vəzifələrdən biri də din və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və daha da inkişaf etdirilməsidir. Yəni, bu gün Azərbaycan bu istiqamətdə müxtəlif addımlar atır.
Görüləcək işlərə gəldikdə isə bura tələbə və müəllim mübadiləsi, birgə proqramlar, birgə tədbirlər, konfranslar və təlimlərin keçirilməsi daxildir ki, bu yolla da Azərbaycan sözügedən prosesə öz töhfəsini verə bilər.
Ümumiyyətlə, bilirik ki, Özbəkistanın qədim və çox zəngin dini ənənələri, eləcə də təcrübəsi var. Din və təhsil sahəsində hələ Sovet dövründən Özbəkistanın böyük uğurları mövcuddur. Bu kontekstdə məsələyə yanaşanda, qarşımızda çox böyük imkanların və fürsətlərin durduğunu söyləyə bilərik. Yəni bu, olduqca vacib, önəmli və mühüm bir məsələ kimi xüsusi qeyd olunmalı, diqqətdə saxlanılmalıdır.
Hesab edirəm ki, məsələyə bu kontekstdən yanaşmaq məqsədəuyğundur. Prosesə töhfə vermək qarşıda duran əsas məsələlərdən biridir və Azərbaycan buna hazırdır. Digər ölkələrin də bu istiqamətdə addımlar atmasına ciddi bir zərurət və ehtiyac var. Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək".
Turqut Ansari
19:00 02.07.2026
Oxunuş sayı: 47