Bolnisidə akademik Zahid Xəlilovun xatirəsi anılıb
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində görkəmli riyaziyyatçı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də akademik Zahid Xəlilovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov nəzərə çatdırıb ki, Borçalı mahalının Saraçlı kəndində (indiki Bolnisi rayonu) anadan olan akademik Zahid Xəlilov funksional analiz məktəbinin banilərindən biridir və burada riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru olub.
Bildirilib ki, mərkəz gələcəkdə akademikin irsinin təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini, o cümlədən Bolnisidə onun adına ənənəvi riyaziyyat olimpiadasının, məktəblilər arasında elmi müsabiqələrin və maarifləndirici tədbirlərin təşkilini planlaşdırır.
Tədbirdə çıxış edən qonaqlar akademik Zahid Xəlilovun zəngin elmi irsindən və Azərbaycan elminə töhfələrindən bəhs edərək, onun həyat və fəaliyyətinin gənc nəslə tanıdılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, akademikin adına riyaziyyat olimpiadasının keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasına və riyaziyyata marağın artırılmasına mühüm töhfə verə bilər.
Sonda Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin könüllülərinə tədbirin təşkilində fəallıq göstərdiklərinə görə minnətdarlıq ifadə olunub və onlar sertifikatla təltif olunublar.
12:29 02.07.2026
Oxunuş sayı: 41