Hüquqlarını bilən uşaq ən güclü uşaqdır
Gürcüstanın Bolnisi şəhərində uşaq hüquqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və gənclərin hüquqi biliklərinin artırılması məqsədilə "Güclü uşaq hüquqlarını bilən uşaqdır" adlı maarifləndirici görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Görüşün əsas məqsədi uşaqların öz hüquq və vəzifələri barədə məlumatlılığını artırmaq, onların hüquqi düşüncə tərzinin formalaşmasına töhfə vermək, həmçinin cəmiyyətdə uşaq hüquqlarına hörmət və məsuliyyət hissinin gücləndirilməsi olub.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, mərkəz uzun illərdir Gürcüstanda yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi, gənclərin hüquqi savadlılığının artırılması, insan hüquqları, vətəndaş cəmiyyəti və hüquqi dövlət prinsiplərinin təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Onun sözlərinə görə, uşaq hüquqlarının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir və bu istiqamətdə maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Daha sonra gənc hüquqşünas Aidə Musayeva "Güclü uşaq hüquqlarını bilən uşaqdır" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Gürcüstanda uşaq hüquqlarının müdafiəsini tənzimləyən qanunvericilik bazası, BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas prinsipləri, uşaqların təhsil, sağlamlıq, təhlükəsizlik, fikir ifadə etmək, zorakılıqdan qorunmaq və bərabər imkanlardan istifadə etmək hüquqları barədə ətraflı məlumat verilib.
Eyni zamanda iştirakçıların diqqətinə çatdırılıb ki, hər bir uşağın hüquqları ilə yanaşı müəyyən vəzifələri də mövcuddur. Qanunlara hörmət, cəmiyyətə faydalı və məsuliyyətli vətəndaş kimi formalaşmaq, başqalarının hüquqlarına hörmətlə yanaşmaq və sosial məsuliyyət hissi hüquqi mədəniyyətin vacib tərkib hissəsidir.
İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçıların sualları cavablandırılıb, uşaq hüquqlarının müdafiə mexanizmləri, hüquqların pozulması hallarında müraciət edilə biləcək dövlət qurumları və aidiyyəti təşkilatlar, hüquqi müdafiə vasitələri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, həmçinin hüquqi maarifləndirici bukletlər, kitablar və müxtəlif hədiyyələr paylanılıb.
Qeyd edək ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanda yaşayan soydaşlarımızın hüquqi maarifləndirilməsi, gənclərin inkişafı, vətəndaş fəallığının artırılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mütəmadi layihələr həyata keçirir. Mərkəzin təşkil etdiyi bu kimi maarifləndirici tədbirlər cəmiyyətin hüquqi bilik səviyyəsinin yüksəldilməsinə, uşaqların öz hüquqlarını daha yaxşı tanımasına və gələcəkdə hüquqi cəhətdən daha fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
05:03 01.07.2026
Oxunuş sayı: 18