Güclü təşkilatlar güclü imkanlar yaradır
Amerika-Azərbaycan Təşkilatları Alyansının “Qeyri-Kommersiya Təşkilatlarının İdarəedilməsi Akademiyası” layihəsi davam edir. Bu layihə Alyansın uzunmüddətliliyi və davamlılığı ilə seçilən əsas proqramlarından biridir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Akademiyanın formalaşmasında üzv təşkilatlar arasında aparılan “Ehtiyac və Gözləntilərin Qiymətləndirilməsi Sorğusu”nun nəticələri əsas rol oynayıb.
Qurumun funksiyalarına peşəkar təlimlər, aktual müzakirələr, seminarlar və müxtəlif sahələri təmsil edən ekspertlərlə görüşlər daxildir.
Məqsəd yalnız bilik paylaşmaq deyil, həm də ABŞ və Kanadada fəaliyyət göstərən Azərbaycan mənşəli qeyri-kommersiya təşkilatlarının daha dayanıqlı, effektiv və peşəkar fəaliyyətinə dəstək göstərməkdir. Layihə bu günə kimi təşkilatların potensiallarının, idarəetmə imkanlarının güclənməsinə, əməkdaşlığın genişləndirilməsi və icmanın institutsional inkişafının dəstəklənməsinə mühüm töhfələr verib.
“Qeyri-Kommersiya Təşkilatlarının İdarəedilməsi Akademiyası”nın fəaliyyətində mühüm cəhətlərdən biri hər bir təlim öncəsi iştirakçılar arasında ehtiyacların müəyyən olunması üçün sorğuların keçirilməsi, təlimlərdən sonra isə iştirakçılarla qiymətləndirmənin aparılması və əldə olunan biliklərin, baza məlumatlarının uzunmüddətli istifadə üçün əlçatanlığının təmin olunmasıdır.
Yaxın zamanlarda proqram çərçivəsində idarəetmə, liderlik, hüquqi uyğunluq, media və ictimaiyyətlə əlaqələr, vətəndaş iştirakçılığı və bir sıra digər mövzularda yeni sessiyalar təşkil olunacaq.
Məlumat üçün bildirək ki, 10 aprel 2026-cı il tarixində fəaliyyətə başlayan “Qeyri-Kommersiya Təşkilatlarının İdarəedilməsi Akademiyası” çərçivəsində bu günədək üç təlim sessiyası təşkil olunub. Qeyri-kommersiya sektorunda təşkilatların inkişafı üzrə ixtisaslaşmış “Capacita” şirkətinin ekspertlərinin iştirakı ilə keçirilən təlimdə ABŞ və Kanadadan olan üzv və qeyri-üzv təşkilatların nümayəndələri, icma liderləri, gənclər və könüllülər iştirak edib.Akademiyanın uğurlu fəaliyyəti onu göstərir ki, güclü təşkilatlar güclü imkanlar yaradır.
15:00 01.07.2026
Oxunuş sayı: 29