İsveçrədə Azərbaycanın zəngin mədəniyyəti tanıdılıb
İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Lozanna şəhərində Azərbaycan mədəniyyətinə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan bayraqları və milli atributlarla bəzədilən məkanda ölkəmizin qədim tarixi, çoxəsrlik mədəniyyəti, zəngin folklor ənənələri və milli dəyərləri barədə geniş məlumat verilib.
Tədbirdə azərbaycanlı fotoqraf Andre Jabalinin müəllifi olduğu, ölkəmizin müxtəlif bölgələrini, təbii gözəlliklərini, memarlıq irsini və insanlarını əks etdirən fotosərgi nümayiş olunub. Fotoqraf sərgidə təqdim olunan hər bir əsərin yaranma tarixçəsi, çəkildiyi məkanlar və həmin fotoların arxasında dayanan hekayələrini qonaqlarla bölüşüb.
Tədbirin ən yaddaqalan məqamlarından biri “Ritm” rəqs qrupunun çıxışı olub. Milli musiqimizin ecazkar sədaları altında təqdim olunan proqram iştirakçılar tərəfindən böyük maraq və coşğu ilə qarşılanıb. Qonaqlar gənc rəqqaslarla birlikdə Azərbaycanın qədim və sevilən xalq rəqslərindən olan “Yallı”nı ifa edərək milli musiqimizin gözəlliyini daha yaxından hiss etmək imkanı qazanıblar.
Daha sonra Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanış olan iştirakçılar xalqımıza xas səmimiyyət və qonaqpərvərlik ənənələrini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda iştirakçılar təşkilatçılığa görə “Azərbaycanın Dostları” Birliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu kimi təşəbbüslər xalqlar arasında mədəni dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq müstəvidə daha geniş tanıdılmasına mühüm töhfə verir.
18:36 30.06.2026
Oxunuş sayı: 24