Müxalifət düyməyə basdı: Paşinyan "yağışdan çıxıb yağmura düşüb"
Ermənistanda siyasi gərginlik fonunda müxalifətin hakimiyyətə qarşı planları ilə bağlı yeni iddialar səsləndirilib. Müxalif düşərgənin nümayəndələri Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərdiklərini bildirirlər. Bu barədə "Güclü Ermənistan" siyasi alyansının lideri Samvel Karapetyan açıqlama verib. O, bir sıra müxalif siyasi qüvvələrin rəhbərləri ilə görüşdüyünü və bununla bağlı məxfi planın hazırlandığını iddia edib. Karapetyanın sözlərinə görə, ilkin mərhələdə qanuni vasitələrə üstünlük veriləcək, lakin zərurət yaranarsa küçə hərəkatı da gündəmə gələ bilər.
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı iddiaları Crossmedia.az-a şərh edən siyasi elmlər doktoru, professor Sabir Məmmədli Ermənistanda parlament seçkilərinin nəticələri ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin iyulun 4-də çıxaracağı qərardan sonra ciddi proseslərin baş verəcəyini vurğulayıb:

"Proseslər onu göstərir ki, Rusiyapərəst qüvvələr ölkədə ciddi şəkildə qarşıdurma yaratmağa çalışacaqlar və aparıcı şəxslərin, yəni Samvel Karapetyanın, "Ermənistan" blokunun rəhbəri Robert Koçaryanın və digər Nikol Paşinyana qarşı çıxış edən qüvvələrin açıqlamalarına görə, ciddi hazırlıq prosesi gedir. Belə ki, onlar ölkədə narazı qüvvələri, siyasi təşkilatları birləşdirmək üçün koordinasiya mərkəzi yaradırlar. Bir tərəfdən parlament daxilində hakimiyyətə qarşı təzyiqlər başlayacaq, digər tərəfdən isə küçə yürüşləri, kütləvi aksiyalar və digər proseslər baş verəcək. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan komandası Ermənistanda kifayət qədər səs toplasa da, onların səsi 49 faizdən bir qədər artıq idi. Düzdür, onlar hökuməti formalaşdıracaqlar, fəaliyyət göstərəcəklər. Amma ölkə daxilində istənilən halda reallıq ondan ibarətdir ki, həmin Rusiyapərəst qüvvələr təxminən 35-37 % səs toplayıblar. Düşünmürəm ki, Nikol Paşinyan hakimiyyəti üçün hər şey rahat gedəcək".
S.Məmmədli ölkədə ciddi qarşıdurma baş verəcəyini istisna etmir:
"Üstəlik, revanşist Rusiyapərəst qüvvələrinin arxasında Rusiya kimi güclü bir ölkə dayanır. Rusiyanın Ermənistana kifayət qədər təsir imkanları var. Çünki ölkənin bütün elektrik paylayıcı şəbəkəsi Rusiyaya məxsus şirkətə aiddir. Bundan əlavə qazpaylayıcı sistem də Rusiyanın "Qazprom" şirkətinə aiddir. Amma "Vətəndaş Müqaviləsi" partiyası və Nikol Paşinyan komandası da kifayət qədər inadkardır və özlərinə qarşı olacaq təzyiqləri də gözləyirlər. Artıq Rusiyapərəst qüvvələrin nümayəndələrinə qarşı müxtəlif məhkəmə iddiaları - korrupsiya, rüşvətxorluqla bağlı, seçicilərin səslərinin alınması ilə bağlı ortaya çıxıb. Yəni Nikol Paşinyan komandası da sakit dayanmayıb, müəyyən şəkildə hazırlıq görüb. O mənada gələcək proseslər ciddi qarşıdurmadan xəbər verir. Karapetyan açıqlama verir ki, onların məhv planı var. "Məhv planı" deyəndə düşünürəm ki, həm parlamentdə Nikol Paşinyan komandasına təzyiq etməyə çalışacaqlar, həm də küçə yürüşləri, mitinqlərlə çıxış edəcəklər. Həmçinin gözləmək olar ki, müəyyən bir dövrdən sonra bəlkə də, "Vətəndaş Müqaviləsi"nin əleyhinə çıxış edərək Karapetyan və Koçaryan fraksiyaları, yəni parlamentdə mövcud olan fraksiyalar öz deputat mandatlarından imtina etsinlər və parlamentin fəaliyyətini iflic etsinlər. Yaxud da onlar Paşinyanın parlamentdə istefası məsələsini qaldıra, impiçment məsələsini gündəmə gətirə bilərlər".
Fatimə Məmmədova
17:30 01.07.2026
Oxunuş sayı: 59