İsrailin "erməni soyqırımını" tanıması nəyi dəyişəcək? - İran və Rusiya fürsətdən istifadə edəcək - MÜSAHİBƏ
Son günlər beynəlxalq gündəmi zəbt edən əsas mövzulardan biri İsrail hökumətinin qondarma erməni soyqırımını tanımasıdır. Rəsmi Bakı bu qərardan narahatlığını. Türkiyə isə İsraili qınayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, İrəvan bu iddiaların yenidən gündəmə gətirilməsinin əleyhinədir.
Belə çıxır ki, rəsmi Təl-Əviv "papadan daha çox katolik" olmaq istəyir.

Türkiyəli general Yücel Karauz bu qərar və onun nəticələri barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- İsrailin bu qərarını necə dəyərləndirirsiniz?
- İsrailin bu qərarı tarixdən daha çox geosiyasi nəticələr doğuracaq strateji addımdır. İsrail Nazirlər Kabineti 28 iyun 2026-cı ildə “erməni soyqırımı”nın tanınması istiqamətində qərar qəbul edib. Lakin qərarın tam hüquqi qüvvə qazanması üçün onun hələ Knessetdə müzakirə olunaraq təsdiqlənməsi vacibdir. Türkiyə bu addımı “siyasi motivli qərar” kimi qiymətləndirib, Azərbaycan isə İsraili qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
- Bundan sonra Təl-Əviv-Ankara münasibətləri necə inkişaf edəcək?
- Bu qərar Türkiyə–İsrail münasibətlərində mövcud olan gərginliyi daha da institusionallaşdıra bilər. Qəzza, Suriya, Şərqi Aralıq dənizi və İran məsələlərində onsuz da ciddi fikir ayrılıqları yaşayan iki ölkə arasında münasibətlərə artıq tarixi ittiham elementi də əlavə olunur. İsrail bu qərarı “mənəvi və tarixi məsuliyyət” kimi təqdim etsə də, qərarın qəbul edilmə vaxtı onun Türkiyəyə yönəlmiş siyasi təzyiq vasitəsi kimi də qiymətləndirilməsinə səbəb olur. Nəticə etibarilə Türkiyə–İsrail xəttində diplomatik soyuqluq daha da dərinləşə bilər. Təhlükəsizlik sahəsində əlaqələr tam kəsilməsə belə, siyasi etimadın azalması İran, Suriya, Livan, Qəzza və Şərqi Aralıq dənizi istiqamətlərində qarşılıqlı manevr imkanlarını məhdudlaşdıra bilər.
- Necə düşünürsünüz, Azərbaycanla münasibətlərdə nələrin şahidi ola bilərik?
- Qafqaz baxımından ən mühüm nəticə Azərbaycan–İsrail münasibətlərində psixoloji və siyasi narahatlığın yaranmasıdır.
Bakı İsrailin qərarını tarixi həqiqətlərin siyasiləşdirilməsi kimi qiymətləndirərək onun yenidən nəzərdən keçirilməsinə çağırış edib.
Bununla belə, bu vəziyyət Azərbaycan ilə İsrail arasında təhlükəsizlik, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın dərhal pozulacağı anlamına gəlmir. Çünki hər iki ölkənin xüsusilə İranın regional siyasəti, enerji təhlükəsizliyi və müdafiə texnologiyaları sahəsində ortaq strateji maraqları qalmaqdadır.
Lakin bundan sonra Azərbaycanın İsraillə münasibətlərdə daha ehtiyatlı, daha balanslı və Türkiyənin mövqeyini daha çox nəzərə alan siyasət yeritməsi gözlənilə bilər.
- Ermənistan baş naziri Nikol Paşinyanın "bu mövzunun gündəmə gətirilməsinə qarşıyıq" deməsi dolayısı ilə İrəvanın Təl-Əvivə etirazı kimi qiymətləndirilə bilər?
- Ermənistan üçün bu qərar diplomatik baxımdan müəyyən siyasi üstünlük hesab oluna bilər. Bununla yanaşı, Baş nazir Nikol Paşinyanın bu mövzunun siyasiləşdirilməməsi və əlavə reaksiyaya ehtiyac olmadığı barədə mövqeyi diqqət çəkir. Bu yanaşma onu göstərir ki, əgər İrəvan bu qərarı Türkiyəyə qarşı geniş beynəlxalq kampaniyaya çevirərsə, bu həm Türkiyə–Ermənistan normallaşma prosesinə, həm də Azərbaycan–Ermənistan sülh danışıqlarına mənfi təsir göstərə bilər. Bu səbəbdən Ermənistanın yaxın dövrdə daha çox sakit diplomatiya və ehtiyatlı siyasi davranış nümayiş etdirməsi ehtimalı yüksəkdir.
- Yəqin ki, İran bu məsələdən öz maraqları naminə istifadə etməyə çalışacaq...
- İran bu qərardan ən çox siyasi və informasiya təbliğatı baxımından faydalanmağa çalışan ölkələrdən biri olacaq. Tehran bu qərardan üç əsas istiqamətdə istifadə etməyə çalışa bilər:
Birincisi, Türkiyə ilə İsrail arasında yaranan qarşıdurmanı daha da dərinləşdirmək. İkincisi,
Azərbaycan–İsrail strateji tərəfdaşlığını zəiflətmək və Bakıya qarşı siyasi təzyiq formalaşdırmaq. Üçüncüsü, Ermənistanla münasibətlərini “İsrail belə erməni iddialarını tanıdı” arqumenti üzərindən daha da gücləndirmək. İranın əsas məqsədi Cənubi Qafqazda formalaşmış Türkiyə–Azərbaycan–İsrail strateji əməkdaşlıq xəttini zəiflətmək olacaq.
- Bilirik ki, Rusiya regional proseslərdə xüsusi maraqlıdır. Moskva İsrailin bu qərarına necə münasibət göstərəcək?
- Rusiya da bu vəziyyəti öz geosiyasi maraqları baxımından fürsət kimi qiymətləndirə bilər.
Moskvanın əsas məqsədi Cənubi Qafqazda balans siyasətini yenidən gücləndirmək və Ermənistanın Qərbə inteqrasiya meyllərini zəiflətməkdir.
Rusiya bu qərardan istifadə edərək belə bir mesaj verməyə çalışa bilər:
“Qərb və İsrail Ermənistanı öz geosiyasi maraqları naminə istifadə edir. Regionda sabitlik yalnız Moskvanın iştirakı ilə təmin oluna bilər.”
Beləliklə, Rusiya həm Ermənistana, həm də Azərbaycana münasibətdə bu qərarı diplomatik təsir və nüfuz vasitəsinə çevirməyə çalışacaq.
- Ankara və Bakı necə davranmalıdır?
Ən rasional yanaşma sərt siyasi mövqe, lakin nəzarətli diplomatiya və strateji soyuqqanlılıq olmalıdır.
Ankara İsrailə diplomatik etirazını açıq şəkildə bildirməli, lakin məsələni yalnız emosional reaksiyalar səviyyəsində saxlamamalıdır. Tarixi sənədlər, beynəlxalq hüquq, arxivlər və tarixçilərin iştirakı ilə obyektiv araşdırmaların vacibliyini ön plana çıxaran ardıcıl diplomatik xətt yürütməlidir.
Bakı isə Türkiyəyə açıq siyasi dəstəyini ifadə etməli, eyni zamanda İsraillə enerji, müdafiə sənayesi və regional təhlükəsizlik sahələrində strateji əməkdaşlıq kanallarını qoruyub saxlamalıdır. Azərbaycanın milli maraqları məhz bu balanslı siyasəti tələb edir.
- Son olaraq bu qərar uzunmüddətli perspektiv üçün nə vəd edir?
- Bu qərar Cənubi Qafqazda Ermənistan üçün müəyyən mənəvi və diplomatik üstünlük yarada, İran və Rusiyaya yeni təbliğat imkanları verə, Türkiyə və Azərbaycan üçün isə daha həssas və diqqətli diplomatik fəaliyyət zərurəti yarada bilər.
Ən böyük risk Ankara–Bakı–Təl-Əviv strateji xəttində etimadın zəifləməsidir. Ən düzgün yanaşma isə bu strateji balansı qorumaq, milli maraqları müdafiə etmək və tarixi məsələlərin siyasi alətə çevrilməsinə qarşı hüquqi və diplomatik mübarizəni davam etdirməkdir.
11:15 30.06.2026
Oxunuş sayı: 62