Rus turistləri Azərbaycana nə cəlb edir?
Rusiyalı turistlərin Azərbaycanda istirahətə tələbatının 18 faiz artması ölkənin turizm bazarında diqqət çəkən tendensiyalardan biridir. Azərbaycanla Rusiya arasında mövcud tarixi və mədəni əlaqələr, dil baryerinin nisbətən zəif olması, ölkədə turistlər üçün yaradılan şərait və uçuş qiymətləri bu marağın formalaşmasına təsir edən əsas amillər sırasında göstərilir.
Turizm eksperti Əziz Şiriyev Crossmedia.az-a açıqlamasında bildirib ki, rusiyalı turistlərin Azərbaycana marağı yeni tendensiya deyil. Onun sözlərinə görə, yaxın tarixə nəzər saldıqda da statistika Azərbaycana ən çox turistin Rusiyadan gəldiyini göstərib:
“Biz yaxın tarixə nəzər salsaq görərik ki, statistika hər zaman rus turistlərinin Azərbaycana çox gəldiyini göstərib. Bu statistikanın tərkibində Azərbaycan vətəndaşlarının gedib Rusiyada yaşaması, ailə qurması, Rusiya vətəndaşı olması və ya oturum alması və gediş-dönüşünün də turistik səfər kimi nəzərə alınması mümkündür. Təbii haldır ki, bu halda Rusiya statistikada hər zaman birinci olacaq. Bundan sonra Hindistan, İsrail və digər ölkələr gəlir. Bir vaxtlar ərəb ölkələri ikinci yerdə, ondan sonra Pakistan, Hindistan gəlirdi. Bu statistika mütəmadi olaraq dəyişir".

Ekspert qeyd edib ki, amma rus turistləri üçün Azərbaycan ən gözəl seçimlərdən biridir. Təbii ki, aviabiletlərin qiyməti uyğun olduğu təqdirdə. Zatən, Sovetlər dövründə bir yerdə yaşadığımız üçün onlar burada özlərini çox təhlükəsiz və rahat hiss edirlər. Dil baxımından da heç bir problem yaşamırlar. Onların əksəriyyəti ya münasib qiymətli otellərdə qalır, ya da evlər götürərək, kirayələyərək burada mərkəzdə yerləşir, restoran xidmətlərindən istifadə edir və şəhəri gəzir”.
Zeynəb Həsən
20:00 17.08.2026
Oxunuş sayı: 57