ABŞ təzyiq dilinə keçib: İsrail Livandan çıxa bilər
İsrail və Hizbullah arasında qarşılıqlı hücumlar fonunda İsrail-Livan sərhədində gərginlik yenidən yüksəlir. Avqustun 15-də Hizbullahın İsrail hərbçilərinə pilotsuz uçuş aparatı ilə hücumundan sonra İsrailin Livanın cənubuna zərbələr endirdiyi bildirilir. Hücumlarda üç İsrail əsgərinin ağır yaralandığı, Livan mediasına görə isə İsrail zərbələri nəticəsində 11 nəfərin öldüyü açıqlanıb.
Gərginliyin fonunda İsrailin müdafiə naziri İsrael Katz sərt mesaj verərək İsrailin hərbçilərini və vətəndaşlarını müdafiə edəcəyini bildirib. Ardınca Livanın cənubundakı Əli Tahir yüksəkliklərində yeni partlayışların qeydə alınması bölgədə qarşıdurmanın yenidən genişlənməsi ilə bağlı narahatlıqları artırıb.
Politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlamasında İsrail-Livan sərhədində davam edən qarşıdurmanı və bölgədəki mövcud vəziyyətin dəyişməsi ehtimalını dəyərləndirib.

O, Hizbullahın Livandakı siyasi, sosial və hərbi təsir imkanlarının İsrailin bölgədəki fəaliyyətinə təsir edən əsas amillərdən biri olduğunu bildirib:
"İsrail-Livan sərhədində qarşıdurma birinci dəfə deyil. Uzun müddətdir davam edir və hələ ki, ciddi bir status-kvo dəyişikliyi olmayıb. Yəni mövcud status-kvo demək olar ki, 5-10 faiz səviyyəsində saxlanılır. Bunun da səbəbi odur ki, Hizbullahın Livanda çox ciddi təsir imkanları var. Həm silahlı qüvvələri, yəni silah imkanları baxımından, həm sosial bazası güclüdür, həm də siyasi dayaqları güclüdür. Belə olan halda İsrail hər nə qədər Livanın cənubuna hücum etsə də, ciddi nəticə ala bilmir".
Politoloq beynəlxalq ictimaiyyətin mövqeyinin də İsrailin Livanın cənubunda uzunmüddətli hərbi mövcudluğuna təsir göstərə biləcəyini qeyd edib. O, ABŞ-İran danışıqlarında Livan məsələsinin də müzakirə olunan mövzulardan biri olduğunu bildirib:
"İkinci tərəfdən, beynəlxalq birlik də bu məsələdə fərqli mövqedə ola bilir və İsrailin uzunmüddətli həmin bölgədə qalmasına imkan vermir. Digər tərəfdən isə ABŞ-İran danışıqlarının digər bir predmeti də elə Livan məsələsidir. Yəni İranın əsas tələblərindən biri də İsrailin Livandan geri çəkilməsi, Livana qarşı hücumları və onun ərazilərinin işğalı məsələsini kənara qoymasıdır".
S.Hümbətovun sözlərinə görə, yaranmış vəziyyətdə ABŞ İsrailə təzyiq göstərərək onun Livanın cənubundan geri çəkilməsinə nail olmağa çalışa bilər:
"Belə olan halda ABŞ məcburiyyət qarşısında qalıb İsrailə təzyiq etməklə onun geri çəkilməsinə çalışa bilər. Bunların hamısı əslində açıq görünən vəziyyətdir və düşünürəm ki, gələcək üçün də həm İsrail tərəfi, həm də Livan tərəfi bu məsələləri hesablayır".
Nigar Xəlilli
19:30 17.08.2026
Oxunuş sayı: 56