Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq
“Doğma divarlar” arasında yaxşı nəticələr qazanmaq istəyirik.
Crossmedia.az xəbər verir ki, bu sözləri Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının baş məşqçisi Oyan Nəzəriani Bakıda keçiriləcək yeniyetmələrin dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi ilə bağlı danışarkən deyib. O bildirib ki, milli komanda Dünya Seriyasının III mərhələsindən sonra hazırlığını intensiv şəkildə davam etdirir: “Avqustun 16-da sonuncu təlim-məşq toplanışımıza start vermişik. Bu, çimərlik güləşində bir ilk olacaq. Digər təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə hazırlıq prosesində yerli idmançılarla yanaşı, 6-dan çox ölkədən xarici güləşçilər iştirak edirlər. Toplanış yarış gününə qədər davam edəcək. Ümid edirik ki, bu hazırlıq bizim üçün faydalı və məhsuldar olacaq”.
Baş məşqçi heyətin artıq müəyyənləşdiyini qeyd edib: “Heyətin formalaşdırılmasında ölkə çempionatının nəticələri, təlim-məşq toplanışları zamanı idmançıların ümumi hazırlıq səviyyəsi və yoxlama görüşlərindəki çıxışları nəzərə alınıb. Çalışmışıq ki, yarış üçün ən güclü və layiqli idmançıları seçək. Heyətə düşə bilməyən güləşçilərimiz digərlərindən heç də geri qalmırlar. Sadəcə, hər yarışın öz prioritetləri var. Hazırkı mərhələdə daha hazırlıqlı və güclü idmançılara üstünlük vermişik”.
Oyan Nəzəriani doğma Bakıda çıxış etməyin əlavə məsuliyyət yaratdığını vurğulayıb: “Yarışın ölkəmizdə keçirilməsi həm təşkilati baxımdan, həm də güləşçilərin fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaqdır. Azərbaycan çimərlik güləşi üzrə dünyada qabaqcıl ölkələrdən biridir. Demək olar ki, hər il yaxşı nəticələr əldə edirik. İnanırıq ki, bu yarışda da güləşçilərimiz uğurlu çıxış edəcəklər. Əsas məqsədimiz yüksək hazırlıq səviyyəmizə və özümüzə olan inamımıza söykənərək “doğma divarlar” arasında yaxşı nəticələr qazanmaqdır”.
Baş məşqçi yarışın ölkədə çimərlik güləşinin inkişafına da ciddi töhfə verəcəyini deyib: “Günü-gündən bu güləş növünə marağın artdığını görürük. Həm valideynlər, həm klublarda, həm də bölgələrdə fəaliyyət göstərən məşqçilər çimərlik güləşinin qaydaları və məşq sistemi ilə maraqlanırlar. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda keçirilməsi bu növün inkişafına və daha çox insanın çimərlik güləşinə maraq göstərməsinə xüsusi təkan verəcək”.
Mütəxəssis konkret rəqiblərin adını çəkmək istəmədiyini bildirib: “Bu yarışda 4 qitədən idmançılar iştirak edəcək və kifayət qədər güclü ölkələrin nümayəndələri mübarizə aparacaqlar. Bizim komandanın fəlsəfəsi ondan ibarətdir ki, istənilən rəqibə qarşı ciddi hazırlaşırıq və hər bir rəqibə eyni dərəcədə hörmətlə yanaşırıq. Bizim üçün qarşıdakı ilk rəqib ən ciddi rəqibdir. Buna görə də hər görüşə maksimum konsentrasiya ilə yanaşacağıq”.
Baş məşqçi azarkeşlərə də müraciət edib: “Azarkeşlərimizdən bizi bu yarışda tək qoymamalarını xahiş edirəm. Doğma Bakıda, öz tamaşaçılarımızın qarşısında mübarizə aparmaq bizim üçün böyük motivasiyadır. Onların tribunadakı dəstəyi güləşçilərimizə əlavə güc və inam verəcək. İnanıram ki, birlikdə gözəl nəticələr qazana bilərik. Bütün azarkeşlərimizi yarışa dəvət edir və milli komandamıza dəstək olmağa çağırıram. İnşallah, onların qarşısında layiqli çıxış edib Azərbaycanımızı sevindirəcəyik”.
Qeyd edək ki, avqustun 27-dən 29-dək “Sea Breeze” istirahət mərkəzində çimərlik güləşi üzrə 2 mötəbər yarış keçiriləcək. İlk yarış günündə yeniyetmələrin dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər qum üzərinə çıxacaq. Avqustun 28-29-da Dünya Seriyasının IV mərhələsi baş tutacaq.
20:19 17.08.2026
Oxunuş sayı: 56