İran Xəzərlə bağlı 8 illik susqunluğa son qoyur: Nə dəyişəcək?
İran hakimiyyəti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya qoşulma ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sənəd Xəzəryanı beş dövlət – Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran tərəfindən 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb. İran indiyədək sənədin ratifikasiyası prosesini tamamlamayan yeganə ölkə olaraq qalırdı.
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib ki, Konvensiyanın ratifikasiyası Xəzər regionuna aid olmayan dövlətlərin mümkün müdaxiləsinin qarşısını almağa və hüquqi bazadan istifadədə yarana biləcək boşluqları aradan qaldırmağa imkan verəcək.
Konvensiya Xəzər dənizində Xəzəryanı olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunu qadağan edir. Sənədə əsasən, Xəzəryanı ölkələrdən heç biri öz ərazisini digər iştirakçı dövlətə qarşı hərbi əməliyyatlar üçün üçüncü ölkələrin istifadəsinə verə bilməz.
Bununla yanaşı, Konvensiya Xəzər dənizinin hər bir ölkəyə düşən konkret faiz payını müəyyən etmir. Dənizin dibinin və təkinin delimitasiyası məsələləri qonşu dövlətlər arasında ayrıca sazişlərlə həll edilməlidir.
İranlı ekspertlər, həmçinin İranın guya Xəzərin 50 faizinə sahib olması barədə yayılmış iddianın əvvəlki sovet-İran müqavilələrinə uyğun gəlmədiyini bildiriblər.
Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran Konvensiyanı 2018-ci ilin avqustunda Aktau şəhərində imzalayıb. Dörd ölkə artıq sənədi ratifikasiya edib. Konvensiyanın tam qüvvəyə minməsi üçün İranın da ratifikasiya prosedurunu başa çatdırması tələb olunur.
21:28 17.08.2026
Oxunuş sayı: 49