Bəxtiyar Həsənovun deportasiyası Moskvanın Bakıya növbəti təzyiq mesajıdır
Moskvadakı azərbaycanlı diasporunun rəhbəri Bəxtiyar Həsənovun Rusiyadan deportasiya olunması sıradan bir hadisə deyil. Bu, uzun müddətdir ki, Kreml dairələrinin Azərbaycanın nüfuzlu şəxslərinə, diaspor rəhbərlərinə qarşı, onların bu ölkədəki aktiv fəaliyyətini məhdudlaşdırmaq, o şəxslərin iqtisadi resurslarına zərbə vurmaq, mənsub olduğu xalqı aşağılamaq və bununla Azərbaycana qarşı yürütdüyü sistemli təzyiq siyasətini davam etdirməkdir. B.Həsənov müvəqqəti saxlanma məntəqəsindən birbaşa hava limanına aparılaraq ölkədən çıxarılıb. Bu, təsadüfi hadisə deyil. Rusiya İstintaq Komitəsinin və digər güc strukturlarının Qafqaz mənşəli, xüsusilə azərbaycanlı şəxslərə qarşı apardığı “mütəşəkkil etnik cinayətkar qrup” etiketi altında həyata keçirilən kampaniyanın davamıdır. Məqsəd aydındır: insanları media məkanında diskreditasiya etmək, onların şəxsi nüfuzuna və iqtisadi resurslarına zərbə vurmaq, eyni zamanda mənsub olduqları xalqı və dövləti Rusiya cəmiyyətinin gözündə aşağılamaq. Bu tədbirlər AZAL təyyarəsinin vurulmasından sonra başlayan gərginlik fonunda daha da kəskinləşib. Rusiya tərəfi cinayəti etiraf etmək, günahkarları məsuliyyətə cəlb etmək və təzminat ödəmək əvəzinə, əks-təbliğat maşınını işə salıb və azərbaycanlılara qarşı repressiv addımları genişləndirib. Diaspor strukturlarının dağıdılması, vətəndaşlıqdan məhrumetmə, mal-mülkün ələ keçirilməsi və deportasiyalar bu siyasətin konkret təzahürləridir. Keçən il Həsənovun vətəndaşlığının ləğvi ilə bağlı qərar qəbul edilib, apellyasiya şikayəti isə rədd olunub.
Mövzu ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Rusiya tərəfindən uzun müddətdir ki, xaricdən gələn əmək miqrantlarına, o cümlədən uzun müddət Moskva və digər mərkəzi şəhərlərdə yaşayanlara qarşı sistemli, diskriminativ və qanunsuz tədbirlər həyata keçirilir: “Onların ümumilikdə adını ifadə etməyə çalışsaq, dövlətlərarası münasibətlərin xarakterindən asılı olaraq, bilavasitə Kremldən qaynaqlanan və siyasi mərkəzdən verilən əmrlərin, tapşırıqların nəticəsində Basterıkinin rəhbərlik etdiyi İstintaq Komitəsinin əli ilə bütün ölkə miqyasında Qafqaz mənşəli şəxslərə qarşı, xüsusən də, eyni zamanda Orta Asiya respublikalarına, hətta bəzən Ermənistanla bağlı şəxslərə qarşı sistemli tədbirlər həyata keçirilir. Maksimum dərəcədə bu əməliyyatları nümayişkaranə etməyə çalışırlar. Çünki cəhdlərin bir neçə istiqamətli məqsədləri özünü açıq göstərir. İlk növbədə istəyirlər ki, həmin şəxsləri media məkanına çıxarıb diskreditasiya etsinlər, yəni şəxsi nüfuzlarına xələl gətirsinlər, onların mənsub olduğu milləti, o cümlədən dövləti Rusiya xalqının gözündə, belə demək mümkündürsə, aşağılatsınlar. Digər tərəfdən, həmin insanların iqtisadi imkanlarını, biznes resurslarını ələ keçirsinlər. Bu, yağmalama əməliyyatıdır. Bolşeviklər ötən əsrin əvvəllərində çarizmi devirəndə çoxsaylı şər əməliyyatlar həyata keçirmişdilər. İndi isə müasir Rusiyada belə əməllər gerçəkləşir. Biz bunu AZAL təyyarəsinin vurulmasından sonra öz cinayət əməllərini etiraf etmək, günahkarları məsuliyyətə cəlb etmək, təzminat ödəmək, həmçinin ölkəmizə, dövlətimizə qarşı informasiya resurslarında gedən əks-təbliğatı, hibrid savaş elementlərini dayandırmaq əvəzinə, təəssüflər olsun ki, bir çox vilayətlərdə, əsas şəhərlərdə azərbaycanlılara qarşı qeyd etdiyimiz formada həyata keçirilən tədbirlərdə gördük. Dövlətimizin iradəsi, Prezident İlham Əliyevin qətiyyəti həm AZAL məsələsində, həm ondan sonrakı dövrdə, o cümlədən asimmetrik cavabla Rusiyanın Azərbaycanda olan həmin məlum evləri, eləcə də media resursları çərçivəsində onun örtüyü altında kəşfiyyat fəaliyyəti aparan qrupların zərərsizləşdirilməsi istiqamətində addımlar atıldı. Biz şahidi olduq ki, belə güzgü effektli tədbirlər öz nəticəsini verdi. Artıq Kreml də, Moskva çevrəsində özünü qırğı kimi şovinist və millətçi qütbün çərçivəsində hiss edənlər və həmin yüzillər boyu imperiya refleksi ilə nəfəs alan şəxslərin övladları, babalarının buyurduğu tövsiyələrə rəğmən, Azərbaycanın müstəqilliyini və qələbəsini həzm etmədilər. Buna qarşı idilər və maksimum dərəcədə Qarabağ məsələsindən, savaşından, zəfərimizdən sonra daha böyük güclə üzərimizə gəlməyə cəhd göstərdilər".

Z.Oruc qeyd edib ki, hətta bunun bir qismi də ölkəmizlə yaxşı münasibətlərin tərəfdarı olanlar da müəyyən qədər bunu guya Azərbaycanın öz dönüşü, Qərblə münasibətləri yaxşılaşdırması və s. kimi qeyd edirlər. Halbuki yanlışlığı, əsas məsələni, cinayəti özlərində axtarmalıdırlar: “Malayziyaya məxsus olan təyyarənin vurulmasından sonra cinayəti etiraf etmək əvəzinə bütün qlobal sistemdə təbliğat maşınını işə salanlar eyni xətt və prinsiplərlə ölkəmizin üzərinə də gəlirdilər. Ancaq bir daha söyləyirəm ki, bir kamillik məktəbini, o dayanıqlıq sistemini keçən bir dövlət və xalq olaraq biz təbii ki, bu münasibətin qarşısında iradə göstərdik və Prezidentin mövqeyi onları hesablaşmağa vadar etdi. AZAL-la bağlı müvafiq tədbirlərin mühüm bir hissəsi görüldü. Lakin indi siyasi elitanın, ən azı media verdiyi açıqlamalarda münasibətlərin normallaşdığını bildirdikləri halda, azərbaycanlı şəxslər vaxtilə Ümumrusiya-Azərbaycan Konqresini ləğv edənlərlə, ondan sonrakı mərhələdə bütün struktur bölmələrini dağıtdıqdan sonra hər bir azərbaycanlını hədəf seçərək, Basterıkinin ifadəsi ilə, “mütəşəkkil etnik cinayətkar qrup” adı ilə onları suçlandırmağa cəhd göstərirlər. Belə deportasiya tədbirləri Azərbaycana münasibətin bir ifadəsidir. Bu, deməkdir ki, bağlı qapılar arxasında ölkəmiz müxtəlif siyasi güzəştlər, qələbəmizdən sonra regional proseslərdə yenə də dominantlıq qazanmağa çalışan dövlətə özünün kəskin mövqeyini ifadə edir. Belə tədbirlərin nəticəsi əsla yaxşı olmayacaq. Çünki iki dövlət arasındakı münasibətlərin soyuqlaşması onsuz da qlobal məkanda böyük embarqo və sanksiyalara məruz qalan, müttəfiqləri faktiki olaraq barmaqla sayılacaq qədər olan bir ölkəyə xeyir gətirməyəcək. Belə bir şəraitdə Qafqazlardan ənənəvi olaraq özünə qarşı siyasət cəbhəsi, mübarizə cəbhəsi açmaq Kremlə xeyir gətirməyəcək. Düşünürəm ki, Bəxtiyar Həsənovla bağlı məsələyə əlaqədar müvafiq Konsulluq İdarəmiz, həmçinin səfirliyimiz gərəkən sorğuları verəcəklər. Əminəm ki, o istiqamətdə azərbaycanlıların Rusiya məkanında qanun çərçivəsində fəaliyyətinə imkan yaradılması, onların sosial, ictimai, vətəndaş haqlarının, həmçinin oturum və ya digər şərtlər altında qanunvericiliyin onlara tanıdığı hüquqlar çərçivəsində fəaliyyət göstərmələri imkanlarını daim tələb edəcəklər. Biz yaxşı bilirik ki, xüsusilə də azərbaycanlıları müxtəlif adlar altında müəyyən planlara, təlimlərə, proqramlara qataraq, onların üzərindən cəbhə bölgəsinə, Ukrayna ilə savaşa aparılan çoxlu sayda həm soydaşlarımız, həm də bilavasitə vətəndaşlarımız var. Öz-özlüyündə bu, nəinki bizi həmin beynəlxalq savaşa qoşmaq cəhdidir, digər tərəfdən eyni zamanda bizim insanlarımızın hüquqlarının bilavasitə pozulması deməkdir. Azərbaycan Vətən müharibəsini apararkən burada yaşayan əcnəbilərin, əmək miqrantlarının və digər bu kimi xarakterdə olan insanların hüquqlarını qorudu. Əsla onları savaş səhnəsinə aparmadı, onlardan legioner, batalyonlar, mücahid dəstələri düzəltmədi. Halbuki biz Priqojinin rəhbərliyi ilə yaradılan müvafiq qurumların, “Vaqner”çilərin hansı fəaliyyət apardığını və Afrikadan Asiyaya qədər geniş coğrafiyalardan muzdlu insanlar yığdıqlarını da yaxşı bilirdik. Elə olan təqdirdə azərbaycanlıları nümayişkaranə şəkildə deportasiya etmək əks nəticələr doğuracaqdır və bu, təbii ki, Rusiya-Azərbaycan münasibətlərinin xeyrinə işləmir. Əslində belə deyirik ki, nəhayət, Rusiya İstintaq Komitəsi öz qərarlarına yenidən baxmalıdır. Duma belə əməlləri təşviq etməməlidir. İnformasiya orqanları məsələ ilə bağlı düzgün bir ictimai mühit formalaşdırmalıdır. Azərbaycanlılar əleyhinə, xüsusilə də cinayətkarlığı etnik mənsubiyyətə bağlamaq kimi ideoloji zərərli xətt, az qala faşizm dövrünün postulatlarını xatırladır. Bu, yolverilməzdir və hesab edirik ki, bu, ölkəmizə qarşı siyasi təzyiqin bir formasıdır”.
Politoloq Elşad Həsənov isə açıqlamasında qeyd edib ki, Azərbaycanın Moskvadakı diasporunun rəhbəri Bəxtiyar Həsənov da Rusiyadan deportasiya edildi: “Bundan əvvəl də bir neçə vəziyyətdə, müxtəlif yerlərdə diaspor nümayəndələri əsassız olaraq Rusiya vətəndaşlığından məhrum edilib, onların mal-mülkü yağmalanıb və Azərbaycana deportasiya olunublar. Yadımızdadır ki, keçən il Bəxtiyar Həsənov haqqında vətəndaşlığının ləğvi ilə bağlı qərar qəbul etdilər. Ancaq Bəxtiyar Həsənov məhkəməyə müraciət edərək apellyasiya şikayəti verdi. Buna baxmayaraq, apellyasiya instansiyası onun şikayətini təmin etmədi və onun Rusiyadan deportasiya olunması haqqında qərar qəbul edildi. Bu, təbii ki, Rusiya-Azərbaycan münasibətlərindən irəli gələn məsələlərdir. İlk ildən, Azərbaycanın təyyarəsinin Rusiya səmasında vurulmasından sonra münasibətlərdə gərginlik və soyuqluq yarandı. Baxmayaraq ki, bu yaxınlarda Rusiya tərəfi Azərbaycanın təyyarəsinin vurulması ilə bağlı bütün tələblərini yerinə yetirdi, münasibətlər hələ də soyuq olaraq qalır. Çünki Rusiya qonşularına qarşı təcavüzkar siyasət yürüdür və Azərbaycan da onların bu siyasətini dəstəkləmir. Əksinə, beynəlxalq hüquq müstəvisində Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiyanın bu təcavüzkar siyasətini pisləyir”.

Politoloq qeyd edib ki, məhz bu nöqteyi-nəzərdən Rusiya Azərbaycana qarşı belə aqressiv hərəkətlər edir: “Azərbaycanlı iş adamlarına maneələr törədirlər, onların var-dövləti əllərindən alınır. Onlar Rusiya vətəndaşlığından məhrum edilir və Rusiyadan çıxarılırlar. Necə deyərlər, qanunsuzluq hökm sürür və hesab edirəm ki, Rusiyada belə bir siyasi qərar olduğu müddətdə bu proses davam edəcək. Ancaq bunun da bir sonu olacağını düşünürəm. Çünki bu cür siyasətlə Rusiya çox uzağa gedə bilməz”.
Ayhan
19:30 17.08.2026
Oxunuş sayı: 70