Çayın suyu qurudu - ciddi su böhranı yaşanır
Avropanın ən mühüm su arteriyalarından hesab olunan Dunay və Reyn çaylarında su səviyyəsinin kəskin azalması ekoloji narahatlıqları yenidən gündəmə gətirib. Xüsusilə 2026-cı ilin yayında Avropada müşahidə olunan anomal istilər və quraqlıq çayların su ehtiyatlarına ciddi təsir göstərib. Dunayda bəzi ərazilərdə su səviyyəsinin tarixi minimumlara yaxınlaşması artıq gəmiçilik və turizmə də təsir edir.
Bu mənzərə yalnız mövsümi quraqlığın nəticəsidir, yoxsa daha böyük ekoloji dəyişikliklərin göstəricisidir? Dünyanın müxtəlif bölgələrində çay və göllərin, eləcə də bəzi dənizlərin su səviyyəsinin azalması qlobal su ehtiyatlarının gələcəyi ilə bağlı hansı riskləri ortaya qoyur?
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a bildirib ki, çaylarda suyun səviyyəsinin azalması Avropada çay nəqliyyatına və iqtisadiyyata ciddi zərər vurur. Onun sözlərinə görə, çayların dayazlaşması səbəbindən gəmiçilik demək olar ki, dayanıb, daşınan yüklərin həcminin azaldılmasına qərar verilib. Yüklərdə beşdə bir qədər azalma var. Reyn çayında isə Kaub məntəqəsində suyun səviyyəsi daha çox düşüb: “Avropada yükdaşımalarının əsas hissəsi Dunay və Reyn çayları vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, bir gəmi 7-8 avtomobilin daşıya biləcəyi qədər yük daşıya bilir. Bu baxımdan çay nəqliyyatı Avropa iqtisadiyyatında mühüm rol oynayır və yüklərin daşınmasının daha ucuz başa gəlməsini təmin edir. Çaylarda suyun azalmasının bir neçə səbəbi var. Bunlardan biri uzun müddətdir Avropada yağıntıların az olması, quraqlıq və havaların həddindən artıq isti keçməsidir. Avropa üzərində yüksək təzyiq sahəsinin yaranması da hava axınlarına təsir göstərib və quraqlığın davam etməsinə səbəb olub. Azor antisiklonu adlanan bu sistem uzun müddət ərzində, demək olar ki, bütün yay boyunca Avropada havaların isti keçməsinə səbəb olub. Bu da yağıntıların miqdarının azalmasına gətirib çıxarıb. Əsas səbəblərdən biri Avropanın dağlarında, xüsusən Alp dağlarında qar yağmasının kəskin azalmasıdır. Havaların istiləşməsi qarların daha tez əriməsinə, qar örtüyünün azalmasına və nəticədə çayların su ilə təminatının zəifləməsinə səbəb olur”.

S.Həsənov qeyd edib ki, qar uzun müddət yağmır, dağlarda istiləşmə baş verir və iqlim dəyişiklikləri nəticəsində yağıntıların, xüsusilə qarın miqdarı azalır: “Bu isə həm Avropada havaların isti keçməsinə, həm də çayların su ilə təminatının azalmasına səbəb olur. Çaylarda suyun azalması artıq Avropa iqtisadiyyatına ciddi zərər vurur. Bununla bağlı müəyyən tədbirlərin planlaşdırılması mümkün olsa da, problemin təbii amillərlə bağlı olması səbəbindən qarşısını almaq asan deyil. Azor antisiklonu uzun müddətdir Avropa üzərində hərəkətsiz qalıb və demək olar ki, bütün yay ərzində qitənin iqliminə təsir edib”.
Nuray Mehtiyeva
20:30 17.08.2026
Oxunuş sayı: 56